Politoloq: "Azərbaycanın Cənubi Qafqazda geosiyasi mövqeyi ABŞ üçün cəlbedicidir"
Donald Tramp ABŞ-da ikinci dəfə prezident kürsüsündə əyləşib. Bundan sonra Amerika-Azərbaycan münasibətləri hansı istiqamətdə irəliləyəcək?
Bununla bağlı Demokrat.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib.
O qeyd edib ki, ABŞ-Azərbaycan əlaqələri Co Bayden administrasiyası dövründə ürəkaçan deyildi:
“Demokratlar Partiyasının üzvü olan Baydenin Azərbaycana siyasəti birmənalı olmayıb. İki ölkə arasında müəyyən proseslərdə əsasən də insan hüquqları, fikir və söz azadlığı məsələlərində fikir ayrılıqları olub. Bundan fərqli olaraq Respublikaçıların siyasəti Azərbaycana qarşı müsbət olub. Düşünürəm ki, indiki administrasiya ilə Azərbaycan arasında siyasi əlaqələr normal olacaq. Prezident İlham Əliyev də Trampın prezidentliyi dövründə iki tərəfli münasibətlərdə yeni bir dinamika olacağına ümid etdiyini vurğulayıb. ABŞ məhz Cənubi Qafqazda Azərbaycanla iqtisadi əlaqələrə önəm verəcək. Çünki Azərbaycanın Cənubi Qafqazda geosiyasi mövqeyi ABŞ üçün cəlbedicidir. Regionda geosiyasi mövqeyi qorumaq üçün Azərbaycanla əməkdaşlıq mütləqdir. Düşünürəm ki, Respublikaçılar bu fürsəti əldən verməyəcəklər. Ermənistanla ABŞ arasında münasibətlər Bayden administrasiyası dövründəki kimi olmayacaq”.
Leyla Turan
Demokrat.az