AZ

Cümə axşamlarının bir neçə rayonda ləğv olunması həmin evlərə verilmiş dəstəkdir —İlahiyyatçı

Əvvəllər yas mərasimlərinin tərkibinə daxil edilən cümə axşamları bir neçə rayonda ləğv olunub. İsmayıllı və İmişlidə bəzi vaxtlarda cümə axşamlarının birinci və sonuncu olmaqla yalnız biri keçirilir. Yas mərasimləri əsasən üç, yeddi və qırx olmaqla təşkil olunur.

Ölən şəxsin ölümündən bir il keçdikdə isə bu, öz yaxınlarının iştirakı ilə təmtəraqsız qeyd olunur. Xatırladaq ki, cümə axşamlarının (bir cümə axşamı saxlanılmaqla) keçirilməsi Füzuli rayonunda da ləğv edilib.

Buna bu ilin yanvarından vətəndaş müraciəti əsasında qərar verilib.

Bununla bağlı ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, İslam dini əsrlər boyunca insanların xidmətində dayanır:

“Bu din insanların ən kədərli anlarında yanında olub, ən şad günlərində belə onlara istiqamət verib. Hərb meydanlarından tutmuş elm yuvalarına qədər İslamın istiliyini, ruhunu görmək mümkündür. Təbii ki, belə möhtəşəm bir dinin, mədəniyyətin qəbirə, qəbiristanlığa, məzarda yatan insana aid olan baxışları var. Hər zaman biz qəbirdə yatan əzizimizi, yaxınımızı, qohumumuzu məmnun etmək üçün müxtəlif yollar, istiqamətlər kəşf eləməyə çalışırıq. Amma ən uyğun olanı yenə də İslam dininin təlimatıdır. Bu baxımdan üç, yeddi, qırx eyni zamanda həftədə bir gün cümə axşamı olmaqla insanlar yas tutur. Sevgili peyğəmbərimiz bir hədisində buyurur ki, ölülərinizi xeyirlə yad edin. Əslində, bu hədis bizə çox dərin mənaları ehtiva edir. Bəzən düşünürük ki, vəfat edən şəxsə sanki xidmət edirik, amma ona əziyyət veririk”. 

O əlavə edib ki, qəbirin üzərində dəbdəbəli, ehtişamlı bir şey qurmaqla orada yatan insana fayda vermirik, ziyan veririk:

“Cümə axşamlarının bir neçə rayonda ləğv olunması həmin evlərə verilmiş dəstəkdir. Yas sahibi öz əziz adamını daim xatırlayır. Bəzən hər həftə toplu olaraq insanların gəlməyi həqiqətən bir çox ailələr üçün çətin olur. Bəzən illərlə həmin borcu ödəməyə məcbur olurlar. Cəmiyyət olaraq fəqir, imkansız insanlarımızın çiyinlərinə götürə bilməyəcəyi yükü qoymaqla doğru bir iş görmüş olmurıq.  İslam dinində qırx, yeddi, cümə axşamlarının olması mütləq deyil. Sadəcə üç gün yas var. Hər halda atılan addım təqdirəlayiq bir əməldir”. 

Leyla Turan
Demokrat.az
Seçilən
18
demokrat.az

1Mənbələr