Virciniya ştatında nüvə müharibəsi zamanı zənginlər üçün “lüks” mənzillər, ləziz yemək restoranları və hovuzu olan yeraltı bunker tikiləcək. Bu barədə “The Daily Mail” məlumat yayıb.
Söhbət dünyanın ən zəngin 625 adamı üçün “dəbdəbəli qiyamət gününün qalası”ndan gedir. 300 milyon dollar dəyərində olan kompleksin sakinləri üzgüçülük hovuzları ilə yanaşı, süni intellektə əsaslanan qabaqcıl səhiyyə sistemindən yararlanmaq imkanı əldə edəcəklər. Onlar üçün ləziz yemək restoranları, boulinq meydançaları və qayaya dırmaşma divarı var.
Məqalədə deyilir ki, 2026-cı ildə başa çatdırılması gözlənilən tikinti planları “SAFE” şirkəti tərəfindən açıqlanıb. İddia edilir ki, “Aerie” (Qartal yuvası) adlanan bunker “müştərilərə hər biri 20 milyon dollar xərcləməli olsa da, Yer kürəsində baş verə biləcək fəlakət zamanı sağ qalmaq şansı təqdim edəcək”.
Tikinti Vaşinqtona nisbətən yaxın yerləşəcək. Bununla belə, layihənin müəllifləri iddia edirlər ki, bu yer heç də qlobal gərginlikdən və üçüncü dünya müharibəsi qorxusundan ilhamlanmayıb. Qəzet xatırladıb ki, “Qartal yuvası” dünyanın super zəngin insanlarının qlobal fəlakət zamanı tikəcəyi və ya artıq tikildiyi yeganə sığınacaq deyil.
Almaz Həsənli