AZ

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Pekin, 24 yanvar, AZƏRTAC

Prokurorluq Cənubi Koreyada qısamüddətli hərbi vəziyyətin tətbiqindən sonra qiyam təşkili şübhəsi ilə başlanılan istintaq çərçivəsində hazırda həbsdə olan Prezident Yun Sok Yolun saxlanma müddətinin uzadılması üçün Seul mərkəzi rayon məhkəməsinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, prokurorluğun bu müraciəti Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı prokurorluğa ötürməsindən sonra olub. Prokurorluq Prezident Yun Sok Yolun məsələsi ilə bağlı ilkin istintaqı fevralın 6-dək başa çatdırmağı planlaşdırıb. Əgər məhkəmə saxlanma müddətini uzadarsa, onda ya prokurorluq fevralın 6-dək Prezidentə qarşı rəsmi ittiham irəli sürməli, ya da müddət bitəndə o, sərbəst buraxılmalıdır. Bildirilir ki, məhkəmə həbs müddətinin uzadılması barədə vəsatəti rədd edərsə, prokurorluq ittiham aktını elan edəcək. Bu halda məhkəmə Prezident Yun Sok Yol haqqında yenidən həbs orderi verməli olacaq.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı apardığı müddətdə suallara cavab verməkdən imtina edib. İxtisasca hüquqşünas olan, uzun illər prokurorluq orqanlarında çalışan, hətta bir müddət ölkənin baş prokuroru olan Yun Sok Yol həbsini və istintaqı qanunsuz hesab edir. İstintaq qrupu onu həm də vəzifə səlahiyyətlərini aşaraq, hərbi vəziyyət elanına qarşı qətnamə qəbul etmək istəyən parlamentin işini pozmaq üçün Milli Assambleyaya hərbçiləri göndərməkdə şübhəli bilir.

Yun Sok Yol prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Onun haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar prosesə başlayıb və indiyədək 4 iclas keçirilib. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
21
50
azertag.az

10Mənbələr