Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə Qax Rayon İcra Hakimiyyəti “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirib.
Rayonun Gənclər Mərkəzində təşkil edilən görüşdə iştirakçılara əvvəlcə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Rəsmi nümayəndələrlə yanaşı bir sıra orta məktəblərin psixoloq və rəhbər işçilərinin də qatıldığı görüşdə insan alveri mövzusunun aktuallığından danışılıb, təhsildən yayınan və baxımsız, erkən nikah və məişət zorakılığının qurbanı olan uşaqların gələcəkdə insan alverinin potensial qurbanına çevrilməsi ehtimalına diqqət çəkilib.
Çıxışlarda bu təhlükə ilə mübarizə üsulları barədə məlumatlar verilib, suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mütəmadi keçirilən görüşlər “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilir.