Xəbər verdiyimiz kimi, “Sevil” operasından “Dilbərin ariyası”nı ifa edən müğənni Vəfa Şərifova “Rəngarəng” verilişində opera ifaçılarından təşəkkür gözlədiyini bildirib.
Müğənninin sözlərinə görə, məhz bu ifadan sonra hansısa bir ariya sosial şəbəkələrdə viral olub:
“Mən ariya oxuyanlardan təşəkkür gözləyirdim. Amma qınaq eşitdim, bilmirəm niyə? Məncə, mənə təşəkkür etməliydilər. Çünki “TikTok”-da bu günə qədər bir dənə ariya qabağınıza çıxmışdı? “İnstagram”da, “TikTok”-da bu qədər danışılmışdı? Amma bu gün danışılır. Neçə ildir verilişiniz gedir, ariya oxuyanlardan danışmışdız?
“Dilbərin ariyası” bu günə qədər səslənmişdi, səslənməmişdi? Bu gün burada səslənir. Neçə verilişdir ki, bu haqda danışılır. “Dilbər ariyası”nı, sırf mənim paylaşdığım hissəni bu gün çox insan əzbər bilir. Hələ “YouTube”-a qoyulmayıb. Yalnız “TikTok”-a qoyulub və bu qədər böyük kütlə tərəfindən dinlənilib”.
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında müğənni Əli Mirəliyev bildirib ki, Vəfanın bu sözlərini qınayıram:
“Burada söhbət təkcə Vəfadan getmir. Müğənni heç vaxt məcbur etməz ki, sənə təşəkkür etsinlər. Sən oxuyursan, pul qazanırsan, sevən də var, sevməyən də. O nə sözdü deyirsən ki, mənə təşəkkür eləsinlər?
Vəfa bəyəm ariya oxuyandı? Vəfa ariyanı Fidan və Xuraman Qasımova bacıları kimi oxuya bilər? Əlbəttə, oxuya bilməz. Onda niyə böyük-böyük danışıb, o sözü deyir? Axı yaxşı deyil, xalqı niyə özündən incik salırsan?