AZ

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayon Gənclər Mərkəzində təşkil edilən görüşdə iştirakçılara əvvəlcə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Rəsmi nümayəndələrlə yanaşı, bir sıra orta məktəblərin psixoloq və rəhbər işçilərinin də iştirak etdiyi görüşdə insan alveri mövzusunun aktuallığından danışılıb, təhsildən yayınan və baxımsız, erkən nikah və məişət zorakılığının qurbanı olan uşaqların gələcəkdə insan alverinin potensial qurbanına çevrilməsi ehtimalına diqqət çəkilib.

Çıxışlarda həmin təhlükə ilə mübarizə üsulları barədə məlumatlar verilib, suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mütəmadi keçirilən görüşlər “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilir.

Seçilən
16
azertag.az

1Mənbələr