![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/1737726240_aspa.webp)
Müşfiq Ələsgərli: "KPJ kimi təşkilatlar müstəqil qurumlar deyil"
Ötən ilin yanvar ayında AŞPA-da Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan bir il müddətinə məhrum edilib. Buna ölkədə insan hüquqlarının və söz azadlığının pozulmasının səbəb olduğu iddia edilirdi. Lakin bu dövr sözügedən məsələlər baxımından ölkəmizin AŞPA-da təmsil olunduğu vaxtdan bəri heç də ən ağır mərhələ kimi qiymətləndirilmir.
Hətta Avropa ekspertləri belə bu fikri bölüşür ki, insan haqları, söz azadlığı, siyasi məhbusların sayı baxımından Azərbaycanın vəziyyəti əvvəlki illərdə daha pis qiymətləndirilib, amma nümayəndələrinin mandatı dondurulmayıb. Bəs indi nə dəyişdi ki, Azərbaycan bu cür "ağır cəzaya" layiq görüldü?
Bəli, dəyişən yalnız odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünə nail olub. Bu isə, sən demə, Avropanın ürəyincə deyilmiş. Baxmayaraq ki, bütün dövrlərdə Avropa təssisatları Azərbaycanın ərazi bötövlüyünü tanıyıb və Ermənistanın ərazilərimizi işğal etdiyini təsdiqləyib. Sən demə, Avropa bunu yalnız özünün reputasiyası xatirinə, özünə "ədalətli xarizma" qazanmaq üçün edirmiş. Əslində isə Avropa 27 sentiyabr 2020-ci il tarixə qədər mövcud olan status-kvonun əsirlərlə davam etməsini istəyirmiş.
İndi isə Azərbaycan nümayəndə heyətinin cəza müddəti bitir. Ona görə də AŞPA-nın "dirijor çubuğu" yenə işə düsüb.
On beynəlxalq hüquq müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək, Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb. Onlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıblar.
Həmin təşkilatlar Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın ölçü meyarlarını hazırlamağa çağırır. Petisiyanı imzalayan təşkilatlar arasında Jurnalistləri Müdafiəsi Komitəsi də yer alır.
Bu təşkilatın Azərbaycanın hansısa jurnalist təşkilatı ilə bağlılığı varmı? Bu təşkilatda Azərbaycana qarşı qərəz nədən qaynaqlanır ki, AŞPA-nın dirijorluğu ilə hərəkət edən təşkilatlar arasında onun da adı var?
Baki-xeber.com saytının sualını cavablandıran Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən Jurnalistləri Müdafiə Komitəsi (KPJ), adından da göründüyü kimi, jurnalistlərin hüquqlarını qorumalı olan beynəlxalq təşkilatdır: "Amma bu təşkilat Azərbaycan jurnalistlərinin hüquqlarının pozulduğunu göstərən real faktların heç birinə ciddi reaksiya verməyib. Məsələn, 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Qarabağ regionunda və ona bitişik rayonlarda əvvəlcədən fəaliyyət göstərmiş 9 qəzet, 1 Televiziya redaksiyası tamamilə dağıdılıb. Həmçinin, bu redaksiyalarda çalışmış 85 nəfər jurnalist, 37 nəfər texniki işçi məcburi köçkünə, qaçqına çevrilib, fəaliyyətlərində ciddi problemlər yaranıb. 2020-ci ilə qədər bu redaksiyaların, jurnalistlərin hüquqları bərpa olunmamış qalıb. KPJ-nin saytına baxsanız həmin redaksiyalar və jurnalistlər barədə bircə cümlə informasiya görməzsiniz. Onların hüquqlarının bərpası üçün KPJ-nin hər hansı bir fəaliyyətinə rast gəlməzsiniz. Bu cür real faktların üzərindən keçən KPJ əvəzində həmişə Azərbaycana qarşı hücumda olub, qondarma faktlara əsaslanaraq, yanlış bəyanatlar verərək, ölkəmizin adını ləkələməyə çalışıb. Bu cür tendensiyalı davranışların da səbəbləri vardır. KPJ kimi təşkilatlar müstəqil qurumlar deyillər. Onlar Qərb siyasi mərkəzlərinin, böyük dövlətlərin əlində alətə çevriliblər. ABŞ, Avropa İttifaqı hansı ölkəni hədəf alıb hücum edirsə, KPJ və digər dırnaqarası təşkilatlar da müxtəlif formalı bəyanatlar verərək həmin dövlətləri ləkələməyə çalışırlar. KPJ-nin də imzası ilə Avropa Şurasına göndərilən bəyanat da bu xarakterdədir. Belə davranış beynəlxalq təşkilata yaraşmayan hərəkətdir.
Dəniz NƏSİRLİ