Ceyhun Məmmədov: “Ermənistan əvvəlki kimi ikili oyun oynaya bilməyəcək”
Ermənistan 2025-ci ildə Rusiya və İrana qarşı sanksiyaların mümkün intensivləşməsi səbəbindən iqtisadi risqlərlə üzləşəcək.
Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı hesabatda qeyd edilib.
Hesabatda deyilir ki, Rusiyaya və İrana qarşı tətbiq olunan sanksiyalar, eləcə də ikinci dərəcəli sanksiyaların sərtləşdirilməsi şəraitində Ermənistan iqtisadiyyatı yeni məhdudiyyətlərlə üzləşəcək. Xidmətin bildirdiyinə görə, Ermənistan üçün mühüm iqtisadi problem, xüsusən Rusiya Federasiyası və İran kimi bəzi ticarət tərəfdaşlarına qarşı mövcud olan sanksiyalardır: “Bu sanksiyalar Ermənistanın iqtisadiyyatına əhəmiyyətli təsir göstərə bilər. Buna görə də, ikinci dərəcəli sanksiyalarla bağlı risqlər 2025-ci ildə də Ermənistan üçün aktual qalacaq”.
Belə görünür ki, Ermənistanın sanksiyalar üzərindən milyonlar qazanması əvvəlki illərdəki kimi olmayacaq. Halbuki, əvvəl Rusiya ilə bağlı sanksiyalardan yayınaraq bunun hesabına böyük vəsait qazanırdılar.
“Qərbin riyakarlığı burada özünü açıq göstərir və hər şey ortadadır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, görünən odur ki, bəzi reallıqlar dəyişir: “Söhbət ondan gedir ki, həqiqətən də bu gün Ermənistan ciddi risqlərlə üz-üzədir. O mənada ki, yaxın vaxtlarda həm Rusiya, həm də İrana tətbiq edilən sanksiyaların miqyası daha da genişlənəcək. Bu da həm sözügedən ölkələrə, həm də Ermənistana ciddi təsirsiz ötüşməyəcək. Bu ölkələr ciddi çətinliklərlə üz-üzə qalacaqlar. Yəni bu prosesin sonunda görünən odur ki, Ermənistan əvvəlki kimi ikili oyun oynaya bilməyəcək. Bütün bunlar da Ermənistanı narahat etməyə bilməz. Baxın, bu gün Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dollardır. Bu, Ermənistan kimi kiçik ölkə üçün az vəsait deyil. Söhbət böyük bir vəsaitdən və məbləğdən gedir. Məlum məsələdir ki, Ermənistan kimi iqtisadiyyatı zəif olan ölkə böyük həcmdə məhsul istehsal etmir. Bu, Rusiyaya təkrar ixrac hesabına formalaşır. Yəni sanksiya altında olan məhsulları Ermənistan Rusiyaya ötürür və bundan böyük həcmdə vəsait qazanır. Qərbin riyakarlığı burada özünü açıq göstərir və hər şey ortadadır. Bir tərəfdən bəyan edirlər ki, qarşıdurma var. O biri tərəfdən Ermənistan üzərindən ticarət qururlar. Ancaq Tramp prezident postuna oturduqdan sonra vəziyyət dəyişir. Məlum olur ki, Paşinyan hakimiyyəti Bayden dönəmində olduğu kimi ikili oynaya bilməyəcək. Odur ki, Ermənistan ciddi şəkildə düşünməlidir və Azərbaycanla əlaqələrini mütləq sahmana salmalıdır. Əgər Azərbaycanla əlaqələrini sahmana salmasalar, bu, Ermənistan üçün gələcəkdə ciddi problemlər yaradacaq. Biz uzun illərdir Ermənistana bu xəbərdarlığı edirik. Təəssüf ki, qarşı tərəf bunu nəzərə almır. Ona görə də Zəngəzur dəhlizi açılarsa, Azərbaycanla münasibətlər bərpa olunarsa, Ermənistan da bu blokadadan xilas ola bilər. Bütün hallarda Ermənistanı yaxın vaxtlarda çox çətin dövr gözləyir. Ona görə də rəsmi İrəvan yaxşı düşünməlidir”.
Vidadi ORDAHALLI