“Qalatasaray”da “Napoli”dən icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen xoşagəlməz hadisə ilə üzləşib.
Arena.az məlumat verir ki, Türkiyənin “Posta” dərgisinin türk müxbiri Tolqa Bozduman Viktor Osimhenin onu vurduğunu bildirib.
Xoşagəlməz hadisə nigeriyalı ulduz futbolçunun gecə vaxtı İstanbulun əyləncə məkanlarından birindən çıxarkən, müxbirin onu çəkilişə aldığı vaxt baş verib:
“Mən və üç həmkarım Osimheni çıxışda gördük. Şəkil çəkməyə başlayanda qiyamət qopdu. O (Osimhen), qışqıraraq mənə hücum etdi, kameranı götürməyə çalışdı, amma mən müqavimət göstərdim. Onun zərbəsi başıma dəydi. Sağ tərəfim hələ də ağrıyır. Sonra o, söyüş söyməyə başladı. Daha sonra Osimhen təklif etdi: “Şəkilləri silin, mən isə sizə pul verəcəyəm”. Mənim imtinamdan sonra o, hədə gəldi: “Mən sizi məhv edəcəyəm”, deyə zərərçəkmiş müxbir bildirib.
Xatırladaq ki, Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin sentyabr ayında Osimhen cari 2024/2025-ci illər mövsümünün sonuna qədər “Qalatasaray”a ödənişsiz əsasda icarəyə verilib.
Cari mövsümdə Osimhen “Qalatasaray” üçün 19 oyuna çıxıb, 15 qol vurub və 6 məhsuldar ötürmə verib.
Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 39 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015-ci il Dünya Kubokunun, U-23 yığması ilə 2015-ci il Afrika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.