AZ

Təhsildə innovasiya və startaplardan bəh edən dərs vəsaiti

Naxçıvan Dövlət Universitetinin dosenti Surə Seyidin “İnnovasiyalar və onların idarə olunması” adlı yeni dərs vəsaiti çapdan çıxıb. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən vəsait bakalavr pilləsində seçmə fənnlərin tədrisi və tələbələrin Startap fəaliyyətinə dəstək məqsədilə hazırlanıb.

Günümüzdə ən çox danışılan mövzulardan biri həyatımızın hər hissəsinə toxunan innovasiyalardır. Süni zəka, maşın öyrənmə (machine learning), rəqəmsal platformaların sosial həyata təsiri, universitetlərdə öyrənmə vasitələrinin dəyişməsi, məişətdə və iqtisadiyyatda yeni ünsiyyət vasitələri və alətlər bu yeniliklərdəndir. İnnovasiyanı anlamaq və tətbiq etmək gündəlik həyat normasına çevrilib. Yubananlar uduzurlar. Bu qarışıq proseslərin ortasında innovasiyaları təsnifləşdirmək və çoxsaylı praktiki fəaliyyətlərə əsaslanan nəzəri biliklər əsasında sadə, anlaşılan qrafiklər, sistem və bölmələr ortaya çıxarmaq vacibdir.

Dosent Surə Seyidin hazırladığı “İnnovasiyalar və onların idarə edilməsi” vəsaiti bu funksiyanı öz üzərinə götürür. “İnnovasiya” əslində yeni termin deyil və özündə onlarla mənanı cəmləşdirir. Bu mənaların əksəriyyəti “yeni”, “yenilik” sözü ilə bağlıdır. Bəşəriyyət yenilikləri ortaya çıxarmaq və həyata tətbiq etməkdə həmişə mahir olub. Bəs innovasiyalar niyə indi daha çox müzakirə olunmağa başlanıb? Səbəb sürətdir, innovasiyaların dəyişmə tezliyidir. Yeniliklərin ortaya çıxması, tətbiq olunması, genişlənməsi və süquta uğraması sürəti indi əvvəlki informasiya dövrlərinə nisbətdə dəfələrlə artıb. Məsələn, bəzi texnoloji yeniliklər öz dövründə ciddi dəyişiklik və sıçrayış kimi qiymətləndirilirdi: peycerlər kommunikasiyanı asanlaşdırdı, MMS-lər SMS-lə şəkil göndərmək imkanı verirdi. Amma hazırda adıçəkilən alət və xidmətlərdən istifadə edən yoxdur, gənc nəsil isə onları ümumiyyətlə tanımır.  Ona görə innovasiyaların dövriliyini, əhali üçün vacib olub-olmadığını, nə qədər fəaliyyətdə qalacağını müəyyən edən meyarları ortaya çıxarmaq da vacib ehtiyaca çevrilib.

Dərs vəsaitində yanaşmaların hər sahə üçün mühümlüyü və müxtəlif inkişaf mərhələlərindən ibarət olduğu anlayışı ortaya qoyulub. Digər vacib məsələ təkcə innovasiyaların ortaya çıxmasını müəyyən etmək deyil, onların mənimsəmə sürətinin ölçülməsidir. Biz – insanlar hamımız innovator olmadığımız kimi xasiyyətlərimiz, dünya görüşümüz və baxışlarımız da fərqlidir. Cəmiyyətdə davranış fərqliliyi həm də buna görədir. İnnovasiyaları qəbul etməyə də məhz bu fərqliliklər prizmasından baxılmalıdır.  Everett Rogers “İnnovasiyaların Diffuziyası” kitabında davranışlarına görə əhali qruplarını müəyyən edir (bu qrupları oxuyacağınız vəsaitdə tapacaqsınız). İnnovasiya edən (əhalinin 2.5%-i) və innovasiyaları ilk tətbiq edən 13.5%-lik qruplar əslində istənilən prosesin özəyidir. Onlar yeniliklərə pul xərcləyir, dəstəkləyir, texnoloji alətləri test edib, öz fikirlərini böyük kütlələrə çatdırırlar. Əslində innovatorlar üçün ən dəyərli qrup bu, hər iki qrupu cəmləşdirən 15%-lik novatorlardır. Qarşınızda olan vəsaiti 2 böyük hissəyə bölmək olar. Birinci hissə əsasən innovasiyanın mahiyyəti, proseslərin maraqlı tərəfləri və sahələr üzrə qurulması haqda məlumat verir. İkinci hissədə isə innovasiyaların universitet şəraitində tətbiqi, tələbə və müəllim heyətinin prosesdə iştirakı, kənar tərəfdaş təşkilat və şirkətlərin bu prosesdəki rolunu izah edir.

Müasir universitet tələbə mərkəzli qurumdur. Burada gənclər hansısa bilikləri təkcə öyrənmir, həm də onların tətbiqi ilə məşğul olma imkanı qazanır, qazanmalıdır. Tələbələrin həm də sənayedə hələ tətbiq olunmayan yeniliklərlə gəlməsi çox təbii prosesdir. Onların biliklərinin həyata tətbiqi də məhz müxtəlif elmi, texnoloji və s. “parklar”, vençurlar və digər startap ekosistemləri vasitəsilə çatdırılmalıdır. Bu, innovasiyaların və gənclərin cəmiyyətə sürətli inteqrasiyasını tənzimləyir və inkişafa səbəb olur. Əlbəttə ki, innovasiya layihərinin müxtəlif qiymətləndirmə meyarlarının universitet və tərəfdaşlar tərəfindən müəyyən olunması labüddür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müxtəlif istiqamətli təkliflər üçün eyni meyarlardan istifadə səhv qərar vermə prosesi ilə nəticələnə bilər. Bunun qarşısını almaqdan ötrü bir tərəfdən meyarlar ümumiləşdirilməli və digər tərəfdən isə müvafiq sahələr müəyyənləşdirilməlidir. Hazırda dünya innovasiya bazarında aparıcı istiqamətlər informasiya texnologiyaları və tibbdir. Ancaq kənd təssərüfatı, enerji sistemləri və nəqliyyata da (xüsusilə də “yaşıl” enerji ilə bağlı olan) maraq yüksəkdir. Bu sıralamada əlbəttə ki, digərlərini üstələyən İT-dır, digərlərinin payı nisbətən daha azdır. Amma vaciblik maraqla  ölçülmür. Bəzi ölkələrdə hansısa tarixi dövr kəsimində konkret sahələrə maraq daha yüksək ola bilər və bu maraq zamanla dəyişə də bilər. Ancaq tələbat da bu xronoloji qanuna tabedir. Ona görə qərarvermə prosesinə təklif və tələbdən başqa, həm də institusional və daha vacibi – elmi cəhətdən yanaşılmalıdır. Burada universitetlərin üzərinə ayrıca öhdəlik düşür.

Vəsait bu sahədə universitetlərin üzərinə düşən vəzifələri müəyyən etməklə, startap layihələrinin hazırlanması, layihələrlə iş metodlarının öyrənilməsinə əvəzsiz töhfədir.

Qeyd edək ki, Naxçıvanda startap hərəkatının fəallarından olan dosent Surə Seyid 70 elmi məqalənin, 2 monoqrafiya və 7 dildə nəşr olunan “Naxçıvan mətbuat tarixi” alı dərs vəsaitinin müəllifidir.

Emin Hüseynzadə

ADA Universitetinin müəllimi,

Kommunikasiya və rəqəmsal media üzrə ekspert

Seçilən
19
1
medianews.az

2Mənbələr