![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/1737733041_qaz-avro.webp)
Brüssel və Avropada ABŞ prezidenti Donald Trampa qarşı koalisiya yaratmış siyasətçilər, nəhayət, Rusiyadan təbii qazın, o cümlədən mayeləşdirilmiş qazın idxalını birdəfəlik aradan qaldırmağa çalışır. Elə Donald Trampın komandası da Avropanı Rusiya qazından təcrid etməyi planlaşdırır. Amma hələlik Almaniya, Macarıstan və Slovakiya Rusiya Federasiyasından qaz almağı davam etdirməyə çalışır.
İndiki halda Ukraynanın Rusiya qazının tranzitini dayandırması səbəbindən gələn il Avropa mayeləşdirilmiş təbii qazın alışını demək olar ki, 16% artırmalı olacaq. Bu fonda Avropa ölkələri Rusiyadan tədarük edilən qaza qarşı yeni sanksiyalarla bağlı ortaq məxrəcə gələ bilməyib. Davosda keçirilən Dünya İqtisadi Forumunda İqtisadi Məsələlər üzrə Avropa Komissarı Valdis Dombrovskis bildirib: “Təbii qazla bağlı yekdillik olmadığı üçün sanksiyalarla bağlı razılığa gələ bilmədik. Amma biz idxalı əhəmiyyətli dərəcədə azaltmışıq, o cümlədən “Şimal axını” partlayışlarına görə. Eyni zamanda, biz maye qaz idxalının yalnız artdığını görürük”. Bu arada Macarıstan, Slovakiya, eləcə də Almaniyadakı bəzi siyasətçilər Rusiya qazının Kiyevin nəzarətində olan hissəsindən Avropaya tranzitinin bərpasını və hətta “Şimal axını”nın partlamamış xətti ilə Rusiya qazının nəqlinə başlanılmasını tələb edirlər. Eyni zamanda, Rusiya qazının Avropaya tədarükünün dayandırılmasının Vaşinqton və Brüsselin qərarı deyil, Kiyevin müstəqil təşəbbüsü olduğunu iddia edirlər. Bu arada Donald Tramp fəxr edir ki, “Şimal axını 2”nin tikintisinə mane olan məhz odur: “Bildiyiniz kimi, mən onu məhv etdim. Rusiyanın ən mühüm vəzifəsi “Şimal axını 2”nin tikintisi idi. Bu, Rusiyadan Almaniyaya gedən dünyanın ən böyük qaz kəməridir”. “Şimal axını” və “Şimal axını 2” 2022-ci ilin sentyabrında partladılıb. Düzdür, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Davosdakı iqtisadi forumda bildirib ki, məhz Moskva Avropaya qaz nəqlini dayandırıb. Belə bir vaxtda Tramp Amerikanın enerji resurslarının - qaz, neft və neft məhsullarının alışını artırmasa, Avropanı birbaşa gömrük tariflərinin artırılması ilə hədələyir: “Onların tez edə biləcəyi yeganə şey neftimizi və qazımızı almaqdır. Əks halda biz bunu tariflərlə düzəldəcəyik”. Düzdür, amerikalılar hələ avropalıları lazımi həcmdə rəqabətqabiliyyətli təbii qaz təchizatı ilə təmin edə bilmirlər. Amerika mətbuatı etiraf edir ki, Avropa İttifaqı ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalını artıra bilmir və Rusiyadan rekord həcmdə daha ucuz maye qaz almağa davam edir.
Ötən il Avropa şirkətləri Rusiyadan rekord həcmdə maye qaz idxal edib. “Kpler” analitik şirkətinin məlumatına görə, bu ilin ilk 15 günündə 27 Avropa ölkəsi Rusiyadan 837,3 min ton maye qaz idxal edib ki, bu da ötən ilin eyni dövründəki 760,1 min ton ilə müqayisədə rekord göstəricidir. Avropalılar Kiyevin Avropaya qaz tranzitini bərpa etməkdən imtina etməsi ilə barışmağa hazır deyillər, lakin nə Brüssel, nə də Vaşinqton belə əməliyyatlara icazə vermir. Beynəlxalq Enerji Agentliyinin yeni hesabatında deyilir ki, Kiyevin Avropaya qaz tranzitini blokadasına görə avropalılar maye qaz idxalını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar: “Əvvəlki tranzit razılaşmasının müddəti başa çatdıqdan sonra Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri ilə Avropaya tranzitinin bərpa olunmayacağı ehtimalına əsaslanaraq, Avropa bazarını tarazlaşdırmaq üçün təxminən 16% və ya 21 milyard kubmetr maye qaz qəbul etməli olacaq”. Bu şəraitdə digər mənbələrdən, o cümlədən Azərbaycandan da qaz idxalına xüsusi diqqət olunur. Xatırladaq ki, Avropa Komissiyası 2022-ci ildə Azərbaycana müraciət edərək Rusiya qazının azalmasını kompensasiya etmək məqsədilə qaz tədarükünün artırılmasını xahiş etmişdi. Azərbaycan bu çağırışa operativ cavab verərək Avropa İttifaqı ilə memorandum imzaladı. Bu memorandum ölkəmizin Avropa bazarına qaz tədarükünü ikiqat artırmaq məqsədilə əhəmiyyətli imkanlar yaratdı. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 12 ölkəni, o cümlədən Avropa İttifaqına üzv 10 ölkəni enerji ilə təmin edir. Azərbaycan qazının Avropa ölkələrinin enerji balansına əhəmiyyətli töhfəsi olub. Belə ki, İtaliya daxili tələbatının 10%-ni, Bolqarıstan 33%-ni, Yunanıstan 25%-ni, Macarıstan və Rumıniya isə hər biri təxminən 20%-ni məhz Azərbaycan qazı ilə təmin ediblər. Bu rəqəmlər Azərbaycanın Avropanın enerji arxitekturasında oynadığı mühüm rolu vurğulayır və xüsusilə, qlobal enerji böhranları dövründə belə, sabit tədarükü təmin etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da uzunmüddətli sabit tədarük perspektivlərini təmin edir. Bu ehtiyatlar ölkənin regionun enerji gələcəyini formalaşdıran irimiqyaslı layihələrdə mühüm rolunu təsdiqləyir. Onu da qeyd edək ki, Azərbaycan qaz hasilatını artırmaqla qlobal enerji bazarında öz rolunu daha da gücləndirmək niyyətindədir. Azərbaycanın qaz tədarük coğrafiyasının genişlənməsi Serbiya, Xorvatiya və Şimali Makedoniya kimi yeni bazarları əhatə edərək, ölkənin bazar şaxələndirilməsi strategiyasını və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək istiqamətində səylərini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın regional enerji oyunçusundan qlobal enerji liderinə çevrilməsinə kömək edir.
Ramil QULİYEV