AZ

Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq- pərdəarxası incə mətləb...

Image

İbrahim Rüstəmli: “Məxfiliyi qorumadan artıq hərəkət etmək mümkün deyil”

Prezident İlham Əliyevin fərmanı ilə “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

Maraqlıdır ki, silah-sursatın, hərbi texnikanın istehsalı ilə bərabər onun hara göndərilməsi məsələsi də dövlət sirləri sırasına daxil edildi. Bu sonuncu əlavənin hədəfi, məqsədi nədir? Nə üçün Azərbaycan belə bir addım atıb? Bunun pərdəarxası məqamları nədir? Yəni Azərbaycanla silah, hərbi texnika sahəsində əməkdaşlıq edən ölkələri qorumaq cəhdidir, yoxsa başqa bir məsələdir?

“Azərbaycan, xüsusilə indiki həssas bir dövrdə öz ordusunun, cəbbəxanasının, silah sənayesinin imkanlarını maksimum səviyyədə məxfi saxlamalıdır”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, son vaxtlar dünyada yaranan geosiyasi, hərbi, iqtisadi vəziyyət, eləcə də bütün baş verənlər məxfiliyi əsas şərt kimi ortaya çıxarır. “Dünyanın bugünkü durumu məxfiliyi əsas şərt kimi ortaya çıxarır və  konfidensiyallığı vacib məsələ kimi aktuallaşdırır. Demək istəyirəm ki, əlbəttə, silah istehsalı, ixracı və idxalı və sair bütün dövlətlərdə həyata keçirilən bir prosesdir. İndi həyatımızın dinamikası o qədər güclənib, o qədər artıb, o qədər genişlənib, o qədər aqressiv bir fazaya qədəm qoyub ki, məxfiliyi qorumadan artıq hərəkət etmək mümkün deyil. Tutalım, Azərbaycanın hər hansı bir silah istehsal etməsi, bunu hansısa bir ölkəyə ixrac etməsi, təbii ki, bu silahın taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti ilə bağlı bilgilərin də orda yer alması deməkdir. Eyni zamanda, tutaq ki, biz bunu bəyan ediriksə artıq öz hərbi gücümüzün koordinatlarını bəyan etmiş oluruq. Azərbaycan, tutalım, hansısa bir silah istehsal edib və o silah bəyan olunursa, dünya mediasına, ictimaiyyətə çatdırılırsa, sözsüz, o silahın bütün xüsusiyyətləri, döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri təqdimatında yerini tapır. Bu da dolayısı ilə, tutaq ki, Azərbaycanın cəbbəxanasına daxil ediləcək  bu silahın hansı gücə malik olmasını dünyaya bəyan etmək deməkdir. Təbii ki, bu artıq alternativlər yaradır. Yəni düşmən tərəfində bununla bağlı artıq müəyyən təəssürat formalaşdırır. Ona görə də Azərbaycan, xüsusilə indiki həssas bir dövrdə öz ordusunun, cəbbəxanasının, silah sənayesinin imkanlarını maksimum səviyyədə məxfi saxlamalıdır”. 

Prezidentin bu fərmanını alqışladığını deyən İ.Rüstəmli qeyd etdi ki, hərbi məsələlər məxfi qrifi altında həyata keçirilən məsələlərdir. İ.Rüstəmlinin sözlərinə görə, onların qorunması dolayısı ilə dövlətin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətin bilavasitə qorunması deməkdir. “Azərbaycandan danışırıqsa, bu günlərdə qəbul olunan qərarlardan, dəyişikliklərdən bəhs ediriksə, bu o deməkdir ki, Azərbaycan öz ordusunu, cəbbəxanasını konfedensial bir şəkildə qorumaqla həm də Azərbaycan ordusunun döyüş imkanlarını məffi saxlayır. Məxfi olanda isə artıq düşmən sənin hansı döyüş imkanlarına malik olduğundan xəbərsiz olur. Onda ölkəmizin  ordusu ilə bağlı qeyri-müəyyən təsəvvür formalaşır ki, bu elə Azərbaycanın üstünlüyü deməkdir. Biz həmişə demişik ki, görmədiyin hədəfi vura bilməzsən. Yəni düşmənin bizim hansı silah-sursata sahib olmağımızı, o silah - sursatların hansı döyüş qabiliyyətinə malik olmasını bilməsi artıq Azərbaycanın 1:0 geridə qalması deməkdir. Yəni bu gün qəbul olunan qərarlar, təbii ki, bunun qarşısını alır və Azərbaycan dövləti, Azərbaycan ordusu üçün çox böyük imkanlar yaradır. Mən bunu əgər beynəlxalq mövqedən şərh etməli olsam, demək ki, əvvəla, silah istehsalı və istehsal olunan silahların ixracı Azərbaycanın daxili işidir, Azərbaycan istədiyi şəkildə bu məsələrlə məxfilik qrifi altında şərtlərini irəli sürə bilər. Bu, beynəlxalq normaya, beynəlxalq hüquqa zidd deyil, Azərbaycan indiki geosiyasi reallıqlar, xüsusilə Cənubi Qafqazda baş verən hadisələr, Ermənistana Qərb və Avropa ölkələrinin sızması, yeni coğrafi koordinatların meydana çıxması baxımından bu addımı ilə özünü bir növ qorumuş olur. Yəni müdafiə olunmaq yalnız səngərdə oturub düşmənlə göz-gözə dayanmaq deyil, bu həm də Azərbaycanın müdafiə qabiliyyətini artırmış olur. Bu mənada mən qəbul olunmuş qərarı çox yüksək dəyərləndirirəm. Mənə elə gəlir ki, hərbiyə aid məsələlərdə konfidensiallığın maksimum səviyyədə qorunması Azərbaycanın dövlət siyasətinin həm bölgədə, həm də beynəlxalq aləmdə həyata keçirilməsi üçün mühüm şərtdir.

Azərbaycan düşməni olan Ermənistanla çəkişmə, gərgin münasibətlər şəraitində yaşayan bir ölkə kimi bu cür dəyişikliklərlə irəliyə bir addım atmış olur”-deyə İ.Rüstəmli vurğuladı. 

İradə SARIYEVA





Seçilən
6
baki-xeber.com

1Mənbələr