AZ

Daha bir vətəndaş “TikTok”da aldandı

Bakı şəhər sakini Gülnarə Mikayılova “TikTok”da dələduzların qurbanı olub.

AzPost xəbər verir ki, Musavat.com-a müraciət edən G.Mikayılova bildirib ki, “TikTok”da mebel istehsalı ilə məşğul olan sexin səhifəsinə rast gəlib.

Bundan sonra ailəsi stol-stul sifariş vermək üçün orada göstərilən nömrə ilə əlaqə saxlayıb və mebel sifariş vermək üçün kart vasitəsi ilə qarşı tərəfə 750 manat pul ödəyib:

“İki həftə keçəndən sonra mebellərdən səs-soraq çıxmadığını gördük. Telefon əlaqəsi saxladıq, dedilər ki, bir az gecikir, laklanma işləri qalıb. Üstündən müəyyən zaman keçəndən sonra yenə zəng etdik, lakin bu dəfə ümumiyyətlə, zəngimizi açmadılar. Vatsap mesajlarımızı oxuyurlar, lakin bizə cavab vermirlər. Əminəm ki, bizim kimi digər vətəndaşları da aldatmağa davam edirlər. İndi TikTok səhifələrini bağlayıblar, lakin instaqram səhifələri hələ də qalır. Onların dələduzluğu ilə bağlı 102-yə zəng edib məlumat vermişik, araşdırma aparılır”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli bildirib ki, vətəndaşın müraciəti əsasında müvafiq polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, əməkdar artist Fərqanə Qasımova və digər tanınmış şəxslərə qarşı dələduzluq edən şəxsləri polis saxlayıb.

Dələduzluq qurbanı olanlardan biri də aparıcı İlkin Həsənidir.

Aparıcının sözlərinə görə, Vatsap vasitəsilə onun tanışlarından pul istəyənlər Eldəniz Mehrəliyev və Elnur Məmmədov adlı şəxslərdir.

Əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədovun bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
19
azpost.info

1Mənbələr