Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yulian Nagelsman “bundestim”lə müqaviləsinin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. 37 yaşlı məşqçinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Yulian Nagelsman Almaniya yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında təyin edilib. Bu müddətdə gənc mütəxəssis “bundestim”i 19 oyuna çıxarıb, 11 qələbə sevinci yaşayıb, 5 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. Nagelsmanın rəhbərliyi altında Almaniya yığmasının top fərqi isə 42:18 nisbətindədir.
Almaniya yığması Yulian Nagelsmanın rəhbərliyi altında AÇ-2024-ün 1/4 finalına qədər irəliləyib və burada İspaniya yığmasına məğlub olub – 1:2.
Nagelsman karyerasının əvvəlində “Bayern”, “Leypsiq” və “Hoffenhaym”ı da çalışdırıb. O, 2021/2022 mövsümündə “Bayern”i çempionluğa daşıyıb.