AZ

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

ABŞ prezidenti Donald Tramp cümə axşamı kriptovalyuta sahəsinə dair iki vədini yerinə yetirən icra sərəncamı imzaladı.

"Valyuta.az"ın məlumatına görə, Tramp cümə axşamı rəqəmsal aktivlər sənayesinə dair iki əsas vədini yerinə yetirən icra sərəncamı imzalayıb. Bu sərəncam rəqəmsal aktivlər üzrə aydın tənzimləmə qaydalarının hazırlanması üçün bir prezident işçi qrupunun yaradılmasını təsdiq edir və Mərkəzi Bank Rəqəmsal Valyutalarının (CBDC) yaradılmasını qadağan edir.

Sərəncam "strateji milli bitcoin ehtiyatının" yaradılmasını dərhal təsdiqləməyib. Bunun əvəzinə, işçi qrupuna milli rəqəmsal aktiv ehtiyatının yaradılması və saxlanılması potensialını qiymətləndirmək, bu ehtiyatın "federal hökumət tərəfindən hüquqi yolla müsadirə edilmiş kriptovalyutalardan yaranması üçün meyarlar təklif etmək" tapşırılıb. Bu addım ehtiyatın yalnız bitkoin ilə məhdudlaşmayacağı, digər rəqəmsal aktivləri də əhatə edə biləcəyi ehtimalını artırır.

Tramp həmçinin ABŞ-ın keçmiş prezidenti Co Baydenin (Joe Biden) mart 2022-ci ildə imzaladığı, müxtəlif dövlət qurumlarının kriptovalyutalarla bağlı araşdırmasını tələb edən və rəqəmsal aktivlərin risklərini azaltmağa yönələn icra sərəncamını ləğv edib.

Sərəncamın imzalanmasından sonra "Bitcoin" (BTC) qiymətində əvvəlcə artım, daha sonra isə azalma qeydə alınıb. Trampın inauqurasiyası öncəsi rekord həddə çatan bitkoin qiyməti son 24 saatda cüzi dəyişiklik göstərib.

Kripto sənayesinə Tramp administrasiyasından dəstək

Keçən il Tramp ABŞ-ı "planetin kripto paytaxtı" etmək vədini vermişdi. Ötən həftə isə onun komandası "Solana" (SOL) blokçeynində "TRUMP" adlı memekoin və birinci xanım Melaniya Tramp (Melania Trump) üçün "MELANIA" koinini təqdim edib. Bu koinlər bazar günü ticarətə çıxarılıb.

Tramp Dünya İqtisadi Forumu zamanı virtual çıxışında ABŞ-ı "süni intellekt və kripto dünyasının paytaxtı" etmək niyyətini bir daha vurğulayıb.

Yeni yaradılan prezident işçi qrupu kripto bazarları üçün federal tənzimləmə çərçivəsi hazırlayacaq. Bu qrupa Ağ Evdə süni intellekt və kripto üzrə məsul şəxs Devid Səks (David Sachs) rəhbərlik edəcək. İşçi qrupa xəzinə katibi, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri və digər maliyyə tənzimləyiciləri daxil olacaq.

İşçi qrupunun fəaliyyəti

İşçi qrupu 30 gün ərzində kripto ilə bağlı mövcud tənzimləmələri və sərəncamları müəyyən edəcək, 60 gün ərzində bu məsələlərlə bağlı tövsiyələr hazırlayacaq. Bundan əlavə, 180 gün ərzində prezidentə tənzimləmə və qanunvericilik təklifləri ilə bağlı hesabat təqdim ediləcək.

"Anchorage Digital" şirkətinin baş direktoru Neitan MakKauley (Nathan McCauley) bu addımı yüksək qiymətləndirərək bildirib:
“Administrasiya aydın və vahid qaydalar müəyyən etmək üçün əhəmiyyətli ilk addımı atır. Vaşinqtonun kripto mövzusunda düzgün qərarlar qəbul etməsi üçün prezidentin işçi qrupu ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.

Tramp administrasiyasının kripto sənayesinə dəstəyi nəticəsində SEC də cümə axşamı bankların və broker-dealerlərin müştərilər üçün kriptovalyutaları saxlamasına mane olan SAB 121 adlı mühasibat uçotu təlimatını ləğv edib.

Ekspertlərdən fikirlər

"Coinbase Global"ın (COIN) baş direktoru Brayan Armstrong (Brian Armstrong) “Yahoo Finance”ə bildirib ki, ABŞ bitkoin ehtiyatı yaratmalıdır:
“Dünya pul üçün bitkoin standartına keçir. Qızıl saxlayan hər hansı bir hökumət bitkoini də ehtiyat kimi saxlamalıdır” - deyə, Armstrong vurğulayıb.

Trampın ABŞ hökumətinə hüquqi yolla müsadirə etdiyi kriptovalyutaları satmağı dayandırmaq əmri verə biləcəyi ehtimal olunur. Bəzi mütəxəssislər bu addımın ABŞ iqtisadiyyatını sabitləşdirəcəyini, dolları gücləndirəcəyini və hətta milli borcun bir hissəsini ödəməyə kömək edəcəyini iddia edir.

Əvəz Həsənov

Seçilən
10
valyuta.az

1Mənbələr