AZ

“Düşünürəm ki, “Araz-Naxçıvan” 2-ci dövrədə 1-ci dövrədəkindən daha güclü olacaq” - MÜSAHİBƏ

Yanvarın 18-də futzal üzrə ölkə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

“Araz-Naxçıvan” ötən mövsümün finalında penalti seriyasında qalib gəldiyi “Baku Fire”ı bu dəfə darmadağın edib – 6:2. Yeri gəlmişkən, “Baku Fire” iki braziliyalı futzalçı ilə güclənib. Paulo Enrike Alves de Souza və Enrike Suares Gimarayeş yaya qədər karyerasını paytaxt təmsilçisində davam etdirəcəklər. Əvəzində Amadeu komandadan ayrılıb - Brazilyanın “Marreko” klubuna transfer olub.

“Baku Fire”ın baş məşqçisi Teymur Eyvazovla bəzi məsələlər ətrafında söhbətləşdik.

- Maraqlıdı, çempionatda arxada qoyduğunuz komandaya kubok oyununda niyə belə böyük hesabla məğlub olduz?
- Məğlubiyyətin böyük hesabla olduğunu düşünmürəm. 2:4-ə kimi gərgin oyun gedirdi. Ondan sonra bizim qol epizodlarımız olsa da, yararlana bilmədik. Epizodların birindən yararlansaydıq, geridönüş edə bilərdik. Oyunboyu kifayət qədər qol vəziyyəti yaratdıq. Təəssüf ki, yalnız ikisindən istifadə edə bildik. Oyunun qırılma nöqtəsi 2-ci hissədə əsas heyət oyunçularımızdan Fərid Ələkbərovun qırmızı vərəqə alması oldu. Komandamın “Araz-Naxçıvan”la keçirdiyi oyundan çox razıyam. Yeni transferləimiz də özlərini yaxşı tərəfdən göstərə bildilər. Baxmayaraq ki, bir neçə gündü komandaya qoşulublar. Düşünürəm ki, heç nə bitməyib. Çempionatda mübarizə davam edir. Diqqətimizi çempionata yönəldəcəyik.

- Hakimlikdən razı qaldızmı?
- Bəli. Hakimlərimiz derbi oyunları yüksək səviyyədə idarə edirlər. Son illərdə hakimin nəticəyə təsir göstərən səhvi yadıma gəlmir.

- Rəqibin yeni baş məşqçisi Yevgeni Kukseviçin təsirini hiss etdizmi?
- Rəqibin heyəti daha genişdi. Artıq onlarda 8 legioner var. Məşqçi üçün böyük imkanlar deməkdi. Düşünürəm ki, “Araz-Naxçıvan” 2-ci dövrədə 1-ci dövrədəkindən daha güclü olacaq. Yetərincə vaxtımız var. Oyunda buraxdığımız səhvlərin üzərində işləyəcəyik. Artıq oyunla bağlı müəyyən qeydlər aparmışıq.

- Kubokda belə darmadağından sonra çempionatda “Araz-Naxçıvan”dan psixoloji baxımdan bir addım geri düşdüyünüzü düşünürsüzmü?
- Xeyr. Düşünmürəm ki, bu məğlubiyyət “Araz-Naxçıvan”la növbəti oyunda bizə təsir etsin. Əksinə, bizi daha da ruhlandıracaq.

- Heyəti gücləndirməyi düşünürsüzmü?
- Artıq iki brazilyalı oyunçu ilə anlaşmışıq. Hər ikisi də bizə lazım olan mövqeyin oyunçusudu. Komandamız heyətdə ciddi dəyişikliklər etməyi sevmir. Biz daha çox öz qurduğumuz heyətə cüzi dəyişikliklər edirik. Amadeu müəyyən səbəblərdən komandanı tərk etməli oldu. Ailə problemləri olduğuna görə vətəninə qayıtdı. Amadeunun yerinə iki oyunçu ilə anlaşdıq. Onların tez bir zamanda komandaya uyğunlaşacağına inanıram.

ƏSƏD SEYİDOV

Seçilən
28
football-plus.az

1Mənbələr