AZ

Yaratdığı dünyaya köçən yazıçı

Nodar Dumbadzenin "Mən, nənəm, İliko və İllorian" romanı haqqında

Sevgi, dostluq, səmimiyyət insanlar arasından sərhədləri götürür, çünki sevgi də, səmimiyyət də könüldən, ruhdan gəlir. Ruhunsa yaşı yoxdur, bütün ruhlar yaşıddır. Bu mənada mən də uzun illər qabaq Zurikoyla bir sinifdə oxumuşam, odun sobasının dərs otağını isitmədiyi soyuq qış günlərində onun gözəl Merisinə müştəri gözüylə oğrun-oğrun mən də baxmışam; Olqa nənənin kötəyini yemişəm, İllarionla it ovlamışam, İlikoyla çaxır oğurluğuna getmişəm.

Dərindən götürəndə, insan heç zaman dünyaya vaxtında gəlmir, ya görmədiyi keçmişin xiffətini çəkir, ya da görməyəcəyi gələcəyə dartınır. Uşaqlıqda, yeniyetməlikdə tez yaşlanmaq istəyirsən, sevdiyin qız səndən böyük olanda dünyaya gec gəlməyinin peşmanlığını çəkirsən. Üzü qocalığa gedəndə isə duyğular tərsinə çevrilir, çərxi-fələyin sürətlə fırlanmağından gileylənirsən. Tərs kimi zaman uşaqlıqda gec, qocalıqda tez keçir...

Dovşan ovu uğursuz başa çatır, İllarion səhvən Muradaya güllə atır. Onlar dərin hüzn içində iti təntənəylə dəfn eləyirlər. Sonra Zuriko nənəsindən bir bardaq çaxır alıb Muradanın qəbri üstündə köpəyə ehsan verir. İndi əsas məsələ bu biyabırçılığı İlikodan gizlətməkdir.

Ancaq pis xəbər tez yayılır, az keçmiş itbaz Zurikela ilə yekəburun İllarion taygöz İlikodan bu məzmunda başsağlığı teleqramı alır: “Əziz Muradanın faciəli ölümü münasibətilə mənim dərin hüznlə başsağlığımı qəbul edin. Bu ağır itkiyə sizinlə birgə mən də acı göz yaşı axıdıram. Dərdim yerə-göyə sığmır, tab gətirə biləcəyəmmi? Kədərlənirəm ki, yas məclisində şəxsən iştirak eləyə bilmədim. Sizə necə təsəlli verim? Ay axmaqlar, ay yaramaz ovçular, sizi görüm lənətə gələsiniz! Bir də it ovuna çıxanda mütləq məni də özünüzlə aparın”.

Bundan sonra İllarion İlikodan gen dolanır, ona düşmən kəsilir. İlikoya çaxır lazım olanda Zurikonu İllariona minnətə göndərir. İllarion ona çaxır satmaqdan qəti imtina eləyəndə İliko çaxırı oğurlamaq qərarına gəlir, bundan ötrü Zurikoyla birgə plan cızır. Bu vaxt zərərdidələrin əlinə onlara sataşmış taygözdən qisas almaq fürsəti düşür. Ona köməyi müqabilində İlikodan rüşvət alan Zuriko planı İllariona satır, taygözü tələyə salırlar. Sonda hər şey məclis qurulmasıyla, yeyib-içməklə başa çatır.

***

Zurikelanın kənddə keçən uşaqlığı bir ömür qədər uzun görünür. Bu dövrdə onun başına neçə-neçə dadlı-duzlu macəra gəlir, həyatı ürək dolusu yaşayan oğlan bu müddətdə çox şeyə - Meri adlı sinif yoldaşına aşiq olmağa belə vaxt tapır (yaşlananda vaxtdan bu cür səmərəli istifadə eləmək olmur). Bu, kələkbaz oğlanın ilk sevgisidir, ancaq onun sevgisində heç bir yalan, kələk yoxdur.

Zurikela bir axşam İlikoyla İllariona şeir yazdığını deyəndə qocalar əvvəlcə onun dəli olduğu qənaətinə gəlirlər. Şeiri dinləyəndən sonra oğlanı dingildədən duyğunun haradan, nədən güc aldığını anlayırlar.

Sinif yoldaşının diktəsiylə Zuriko Meriyə təmtəraqlı sevgi məktubu yazır. Məktubu qızın çantasına qoyurlar. Zurikelanı dərsdən qovandan sonra müəllim də tərbiyəsiz nəvəsindən Olqa nənəsinə şikayət məktubu yazıb, ünvanına çatdırmaq üçün onu Meriyə etibar eləyir. Qız yanılıb nənəyə sevgi məktubunu verir. İlikonun iştirakıyla İllarion məktubu nənəyə oxumağa başlayır. Bundan sonra evdə məzhəkə qurulur. Meri səhvini düzəltmək üçün qayıdanda nənəsi Zurikonu evdən qovur.

Lopa-lopa yağan qarın altında Zurikela Merini evlərinə ötürür. Komediyadan lirikaya keçid qəfil baş verir, amma qətiyyən bayağı təsir bağışlamır, əksinə, müəllif sevgi etirafını bayağılıqdan qurtarmaq üçün mətləbə dolayı yollarla gəlir:

“Evimizin, qar basmış çinarın yanından dinməzcə keçib getdik.

- Burada mənim Muradam basdırılıb...

- Bilirəm...

- Mən Muradanı çox istəyirdim, dünyada hamıdan çox. Onu, nənəmi, İllarionu, İlikonu bərabər istəyirəm.

- Bilirəm, Zuriko...

- Ona qarşı istəyim günbəgün artırdı... O da məni çox istəyirdi... Mən onunla adam kimi söhbət edərdim. Biz bir-birimizi başa düşərdik... O öləndə mən də özümü öldürmək istəyirdim... Adam doğrudan da məhəbbətdən dəli ola bilər! Sənə soyuqdur?

- Hə, soyuqdur...

- Mənə isə soyuq deyil.

Mən kürkümü çıxarıb Merinin çiyninə saldım. Əlimi çəkmədim. Biz beləcə təmiz qarın üstüylə addımlayırdıq. Gedə-gedə susurduq... Merigilin evini keçdik.

- İsindin?

- İsindim, Zuriko.

- Sən ki mənim Muradamı tanıyırdın?

- Tanıyırdım.

- O səni çox sevirdi. Tez-tez mənə deyərdi: Meri çox gözəl qızdır, o hamıdan yaxşıdır, Merinin gözləri bütün gözlərdən qəşəngdir, Meri çox xeyirxah, ağıllı qızdır... Murada səni çox sevərdi, məni sevdiyi qədər, məni sevdiyindən də artıq. O heç vaxt sənə hürməzdi... Sən də onu sevirdin?

- Hə, Zuriko, çox sevirdim, çox.

- Meri!

- Nədir, Zuriko?

Mən Merini məhəbbətlə qucaqlayıb üzümü onun açıq saçları arasında gizlədim. Meri ağlayırdı, mən də ağlayırdım. Lopa-lopa qar yağır, külək vıyıldayırdı. Ay da vardı, günəş də, sevgi də, göz yaşları da... Və çox, olduqca çox qar vardı. İlikodan soruşsan, deyər burada sevinməli nə var ki? Küləkdir, qardır, dünya qopur. Mən isə bu küləyə də, aya da, günəşə də, öz məhəbbətimə də, bu lopa-lopa yağan ağappaq qara da sevinirdim”.

***

Müharibə qurtaran il - 1945-in yazında Zurikela məktəbi bitirib kamal attestatı alır. Olqa nənə, İliko, İllarion birlikdə məsləhətləşib onu ali təhsil almaq üçün Tiflisə göndərmək qərarına gəlirlər, ona ixtisas seçirlər. Nənəsi babasından qalma xeyir-şər paltarını, parıldayan xrom çəkmələri, qaragül papağı sandıqdan çıxarıb nəvəsini geyindirib-kecindirir. Zurikonu yük maşınının banına mindirib təntənəli şəkildə yola salırlar. Meri əlində pay dolu səbət yola çıxsa da, maşına çatmır, eləcə payı əlində yolda boynubükük qalır, başını İlikonun sinəsinə söykəyib ağlayır. Bununla da Zurab Vaşalomidzenin uşaqlıq erası başa çatır.

Zuriko universitetin iqtisadiyyat fakültəsinə qəbul olunur. Kiçik mənzildə yaşayan təqaüdçü Marta xalanın iki otağından birini kirələyib orada qalır. Üçüncü kursda oxuyanda İllarion bir ulaq yükü kənd sovqatıyla ona qonaq gəlir. Məlum olur ki, qocanın gözü ağrıyır, o səbəbdən şəhərdə həkimə düşmək istəyir. İllarionu əməliyyata götürürlər, ağrıyan gözünü çıxarıb yerinə şüşə göz qoyurlar. Onu çıxmış gözündən də çox İlikonun dilindən necə qurtaracağı düşündürür - axı indiyə qədər kor gözünü onun başına qaxıb, “taygöz” deyə ona çox şəbədə qoşub.

Onlar kəndə qayıdanda İliko əvvəl-əvvəl özünü bilməzliyə vurur. Yenə məclis qururlar, yeyib-içib hallanırlar, səs-səsə verib süfrə mahnıları oxuyurlar. İliko hər dəfə mahnıda “göz” sözü işlətdikcə İllarion ona şübhəli-şübhəli, xoflu-xoflu baxır: olmaya taygöz şeytan duyuq düşüb? Məclisin sonuna doğru İllarion rola girmiş İlikonun heç nədən xəbəri olmadığına inanıb arxayınlaşır, gərginlikdən qurtarır. Məclis sona çatanda isə:

“Biz dağılışanda çox gec idi. Mahnı oxuyub qucaqlaşa-qucaqlaşa həyətə düşdük. İllarion darvazaya qədər bizi ötürdü. Çəpəri keçəndən sonra İliko birdən geri döndü:

- İllarion!

- Nə var, təkgöz?

- Yatanda gözünü stəkana qoymağı unutma!

- Nə?! - heyrətlənmiş İllarion xırıltılı səslə soruşdu.

- Heç nə!.. İndi kefin istəyən qədər mənə göz vura bilərsən.

İllarion:

- İliko Çiqogidze! - deyə bağırdı.

- Adımı tez-tez çək, yoxsa unudarsan!.. Amma sözün açığı, bəxtin gətirdi: ovçuluğu sevirsən, heç göz yummaq da lazım olmayacaq. Kənddə kefin istəyən qədər gəz-dolan, itləri vur...”

Coşmuş İllarionla onu qızışdırmaqdan zövq alan İliko ağız-ağıza verib bir az da deyişəndən sonra komediyadan lirikaya (faciə demək olmur, çünki nikbin ruhlu müəllif sevimli personajlarının ən ağır günündə belə onları tragik situasiyaya salmır, yumoru satiranın, kədəri faciənin ayağına aparmır) daha bir uğurlu keçid baş tutur, günah cinləri üçün yaxşı yem olan zarafat göz yaşlarıyla suya çəkilib arınır:

“İliko yolda bir müddət ayaq saxladı, sonra darvazanı açıb geri qayıtdı, İllarionun yanında oturub cibindən tənbəki kisəsini çıxardı. Tüstülətdilər...

- Sənin müsibətini eşidəndə az qaldı ürəyim partlasın, - İliko sözə başladı, - Allah şahiddir ki, düzünü deyirəm... Axı biz bir adamıq, İllarion, sənin bədbəxtliyin mənim də bədbəxtliyimdir... Mən heç sənin xətrinə dəymək fikrində deyildim. Mənə taygöz deyəndə səndən qəti incimirəm... Onu bil ki, biz ikinci gözümüzü də itirsək, ölmərik. Əl-ələ verib bütün dünyanı gəzərik. Gəzə bilməsək, Zurikela bizi gəzdirər. Eləmi, qoca dostum?..

Davamı növbəti sayımızda...

Fəxri Uğurlu

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr