AZ

Davosda Azərbaycana yüksək etimad nümayişi

Qlobal investorlar Azərbaycana dəstək verir

Davosda keçirilən görüşlər xarici sərmayəçilərin ölkəmizə marağını təsdiqləyir

Davos İqtisadi Forumunda (DİF) təmsil olunan Azərbaycan nümayəndə heyətinin beynəlxalq maliyyə institutları, iri holdinq və investisiya şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər səmərəli və qarşılıqlı maraq doğuran işgüzar fəallıq ovqatında davam etməkdədir.  Bu platforma çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyinin, SOCAR-ın və digər qurumların rəhbərlərinin iştirakı ilə dünyanın tanınmış biznes icmasının nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi layihələrin regiona verdiyi töhfələr, yaradılmış əlverişli investisiya mühiti sayəsində xarici sərmayəçilərin biznes fəallığı, “rəqəmsal iqtisadiyyat” quruculuğunda ölkəmizin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla əldə edilmiş müsbət nəticələr və s. məsələlər  müzakirə olunub.

“Goldman Sachs Group” Azərbaycanı yaxın tərəfdaş hesab edir

Dünya İqtisadi Forumunda iştirak edən qlobal investorların böyük bir qismi Azərbaycanda işləmək, sərmayə qoymaq üçün öz niyyətlərini ifadə etməkdədir. Dünyanın nəhəng investisiya və maliyyə şirkətlərindən biri “The Goldman Sachs Group İnc.” şirkəti Azərbaycanı özü üçün yaxın tərəfdaş hesab edir. 2010-cu ildən Azərbaycanla əməkdaşlıq edən “The Goldman Sachs Group Inc.” hazırda bu münasibətlərin dinamikasını daha da intensivləşdirmək istəyir. Mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən və 40-dan çox ölkədə fəaliyyət göstərən şirkət müxtəlif siniflər üzrə 2,8 trilyon dollar dəyərində aktivləri idarə edir. 2015-ci ildə “The Goldman Sachs Group Inc.” idarə olunan aktivlərə (1,3 trilyon dollara yaxın) görə dünyanın ən böyük investisiya şirkətləri arasında 10-cu yerdə qərarlaşıb. Şirkət investisiya bankçılığı, qlobal bazar biznesi, aktivlərin idarə edilməsi və istehlak bankçılığı üzrə qlobal və nəhəng iqtisadi institutlardan biridir. Müasir iqtisadi mühitdə Azərbaycanın maliyyə, sığorta, sərmayə sektorları ABŞ investoru üçün böyük maraq kəsb edir.

Dünyanın aparıcı investisiya qruplarından biri olan “OliverWyman Group”un da  Azərbaycana marağı böyükdür. Şirkətin baş icraçı direktoru Nik Studer bildirib ki, Azərbaycanın iqtisadi transformasiya prosesi cəlbedicidir və bu baxımdan şirkət sığorta və maliyyə bazarının müxtəlif istiqamətlərində layihələr icra etməyi planlaşdırır.

Qlobal nəqliyyat dəhlizlərində mövqeyimiz güclənir

Dünya iqtisadiyyatında özünəməxsus mövqeyi ilə tanınan digər bir şirkətin - “DP World”un da Azərbaycanla ticarət və nəqliyyat daşınmalarında əməkdaşlıq niyyətləri Davosda müzakirə olunub. Şirkətin icraçı direktoru Sultan Əhməd bin Sulaim qeyd edib ki, Azərbaycan Orta Dəhlizdə strateji mövqe tutur və müxtəlif coğrafi regionlarda baş verən proseslər Şərq-Qərb tranzit koridorunun daşınmalarının intensivliyini artırır, bu baxımdan Azərbaycanla logistika bağlantılarının gücləndirilməsi hər iki tərəf üçün fayda verə bilər.

Dünya biznes ailəsində kifayət qədər şöhrətli və sanballı təsisatlardan biri olan “Carlsberg Group” şirkətinin də Azərbaycana marağı böyükdür. Bir neçə ildir ki, fəaliyyət göstərən danimarkalı biznes qrupu ölkəmizdə təmin edilmiş sağlam sərmayə iqlimini nəzərə alaraq Azərbaycanda daha geniş imkanlar qurmaq niyyətindədir.

İşgüzar görüşlərdən biri iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflinin bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel arasında apardığı fikir mübadiləsi olub. Görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib.

“Yaşıl texnologiya” şirkətləri ilə yeni əməkdaşlıq

Davos İqtisadi Forumu çərçivəsində “Vestas Wind Systems A/S” şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüş də yaddaqalan olub. Danimarkanın tanınmış bərpaolunan enerji holdinqlərindən biri sayılan “Vestas Wind Systems A/S” dünyada “yaşıl enerji” sektorunun əsas infrastruktur və texnologiya təchizatçılarındandır. Şirkət Avropa və Asiya bazarlarında “yaşıl enerji”nin emalı və ötürülməsi sistemlərinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan Danimarka şirkətinin Azərbaycana gəlişi “yaşıl texnologiyalar”ın tətbiqinin genişlənməsində mühüm rol oynaya bilər. M.Dirholmla müzakirələrdə Azərbaycanın külək enerjisi sektorunda sözügedən şirkətin qabaqcıl texnologiyalarının tətbiqi imkanları və əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Eyni zamanda, bu şirkətin ölkəmizdə sənaye innovasiyalarının texnoloji təminatlarının qurulmasında iştirakı istisna olunmur.

Davos Forumu çərçivəsində təşkil olunan “Ticarət və İnvestisiya Rəhbərliyi Naharı” sessiyası da Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan mövzu rəngarəngliyi baxımından faydalı sayıla bilər. Bu görüşlərdə ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib. İqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzular müzakirə olunub. Azərbaycanın qlobal bazarlara çıxış imkanlarının artmasında və qeyri-neft ixracında bu panel müzakirələrinə qatılan xarici ticarət tərəfdaşları ilə aparılan məsləhətləşmələr də xüsusi əhəmiyyət kəsb edir. 

Davosda sərmayələr üçün yeni imkanlar

Azərbaycan nümayəndə heyətinin “HSA Group” şirkətinin İdarə Heyətinin üzvü Fuad Hayel Saeed Anam ilə görüşündə Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. Aqrar sektor, sənaye və istehsal proseslərində dayanıqlı yanaşmaların tətbiqi və birgə fəaliyyət imkanları nəzərdən keçirilib. İştirakçılar son illərdə ölkəmizdə təmin edilmiş əlverişli sərmayə iqlimi və biznes üçün təşviqedici rol oynayan vergi-gömrük stimulları barədə məlumatlandırılıb. Azərbaycanın həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici ölkə olması vurğulanıb.

Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun (DİF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında Azərbaycanın investisiya cəlbediciliyi yüksək dəyərləndirilib. Hesabatda vurğulanır ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşmanın inkişafı və müvafiq addımların atılması ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın müasir gündəliyində ön planda dayanan prioritet sahələr kimi qeyri-neft sektoruna, ələlxüsus da rəqəmsal və süni intellekt, startaplar, innovasiyalar, yeni sənaye sektorları, “yaşıl  enerji” və s. bölmələri müəyyən edilib ki, Davos Forumunda bu istiqamətlər üzrə xarici sərmayələrin cəlb edilməsi imkanları diqqətdə saxlanılır. Forumun Enerji və Materiallar Mərkəzinin Enerji Keçidi və Regional Akselerasiya üzrə rəhbəri Espen Mehlum mövcud müzakirələrin və əməkdaşlıq üçün maraqlı olan potensial xarici investorların ölkəmizdə rəqəmsal quruculuğa töhfə verə biləcəyini istisna etməyib.

Davosda təmsil olunan qlobal biznes icmasının Azərbaycanın iqtisadi sektora aid nümayəndələri ilə keçirdiyi görüşlərin hər biri onu təsdiq edir ki, Azərbaycan iqtisadiyyatına xarici sərmayəçilərin marağı böyükdür.  

E.CƏFƏRLİ

Seçilən
31
50
yeniazerbaycan.com

10Mənbələr