Çörək dünyanın bir çox mədəniyyətində gündəlik qida maddəsi olaraq uzun illər boyu istehlak edilib. Lakin son illərdə, xüsusilə, sağlam həyat tərzi ilə maraqlananlar arasında, çörəyin sağlamlığa təsiri ilə bağlı suallar artmaqdadır.
Bəzi mütəxəssislər çörəyin, xüsusən də ağ çörəyin, müasir dietlərdə problem yarada biləcəyini vurğulayır. Bununla belə, düzgün seçilmiş və balanslı istehlak edilən çörək, bədənə faydalı ola bilər. Bəs çörək sağlamlığa necə təsir edir və hansı növləri daha uyğun seçimlərdir?
Yenisabah.az çörəyin müxtəlif növləri və sağlamlıq üzərindəki təsirlərini araşdırıb.
Çörəyin sağlamlığa təsiri onun növünə, hazırlanma üsuluna və istehlak miqdarına bağlıdır. Ümumilikdə çörək sağlamlıq üçün ziyanlı deyil, amma düzgün seçim edilməzsə və ya həddindən artıq miqdarda istehlak edilərsə, bəzi problemlərə səbəb ola bilər.
Ağ çörək: Emal olunmuş ağ undan hazırlanır və tərkibində lif azdır. Qan şəkərinin tez yüksəlməsinə səbəb ola bilər. Arıqlamaq istəyənlər və ya şəkərli diabetdən əziyyət çəkənlər üçün uyğun deyil.
Tam taxıl və kəpəkli çörək: Daha çox lif və qida maddəsi ilə zəngindir. Həzm sistemini dəstəkləyir və toxluq hissi yaradır. Ürək-damar sağlamlığı üçün faydalıdır.
Qlütensiz çörək: Qlütenə həssaslıq və ya çölyak xəstəliyi olanlar üçün əvəzolunmazdır.Əgər sizin qlütenlə bağlı probleminiz yoxdursa, qlütensiz çörəyə keçməyə ehtiyac qalmır.
Sağlam həyat tərzi üçün düzgün seçimlər və balanslı istehlak vacibdir. Həddindən artıq çörək yemək çəki artımına səbəb ola bilər. Tam taxıl məhsulları seçin, çünki bu növ çörəklər liflə zəngindir və daha faydalıdır. Çörək alarkən tərkibində şəkər və qatqıların miqdarına diqqət edin. Çörəyi tamamilə kənara qoymaq istəmirsinizsə, evdə sağlam reseptlərlə hazırlaya bilərsiniz.
Ağ çörək xüsusilə yüksək miqdarda sadə karbonhidrat istehlakı ilə kilo artımına səbəb olmaqla yanaşı, diabet, ürək xəstəlikləri kimi bir çox xroniki xəstəliklərin riskini artırır.
Aytac Şahin
Telegram kanalımız