ABŞ Prezidenti Donald Tramp ölkəsinin xərclərini azaltmaq istəsə də, süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan edib. Söhbət “Stargate” adlı layihədən gedir. Belə ki, sözügedən layihəyə bir neçə iri şirkət cəlb olunub.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu Trampın qeyd edilən layihəni “Yeni rəhbərliyin potensialına inamın güclü ifadəsi”, adlandırdığını xatırladıb. O qeyd edib ki, artıq Ağ Evin yeni sahibi layihənin icrası üçün lazımi infrastruktur yaradılacağını bildirib:
“Ağ Evin sahibi bütün diqqətini yeni layihəyə yönəldib. Tramp layihənin icrasına dərhal başlamaq istəyir. O, “Stargate” vasitəsilə virtual infrastruktur qurmaq istəyir, o cümlədən nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutub. Müxtəlif hesablamalara görə, yeni layihə təxminən 100 min yeni iş yerinin açılmasına şərait yaradacaq. Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir”.
Ekspert əlavə edib ki,Tramp yeni layihə vasitəsilə Çini texnoloji sahədə sıxışdırmağı planlaşdırır:
“Məlumdur ki, Çin də texnoloji sahələrə investisiyaların həcmini ildən-ilə artırır. Ümumiyyətlə, aparıcı dövlətlər süni intellekt bazarında fəallaşıblar. Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard dollara çatacağı gözlənilir. Mütəxəssislərin fikrincə, süni intellekt bazarına ayrılan xərclər 14,75 milyard dollara çatacaq və bu, dünya ümumi həcminin təxminən 10 faizini təşkil edəcək. Bu baxımdan, Tramp bu bazarda ölkəsini irəli çıxarmağa çalışır”.
Günay Rəsulqızı