AZ

“Liverpul”, MS və “Çelsi” xal itirdi, “Arsenal” fərqi azaltdı - İCMAL

Premyer-liqada 21-ci tur “Liverpul”un ardıcıl ikinci dəfə xal itirməsi ilə əlamətdar oldu. Elə nəhənglərdən “Çelsi” və “Mançester Siti” də qələbə qazana bilmədi. Əvəzində London derbisində “Tottenhem”ə qalib gələn “Arsenal” liderlə xal fərqini azaltdı.

Nunu Eşpiritu Santu “Liverpul”a qarşı çarə tapıb – “Nottingem Forest” çempionatdakı 2-ci oyunda da liderdən xal aldı. Düzdü, bu dəfə “meşəçilər” qalib gələ bilmədi. “Liverpul” oyuna yaxşı başlasa da, meydan sahibləri elə ilk hücumda hesabı açdı.

Ardından Murilyonun təhlükəli zərbəsi az qala “9-luğ”a düşəcəkdi. Qonaqların özünə gəlməsi vaxt apardı. Slotun komandası fasiləyə qədər “çərçivə”yə bir zərbə də vurmadı. 2-ci hissədə də oyunun axarı uzun müddət dəyişmədi. Meydan sahibləri hadisələrin axarına nəzarət edirdi. Hissənin ortalarında Slot oyuna müdaxilə etdi, Simikasla Jotanı meydana buraxdı. Cəmi yarım dəqiqə sonra bu gediş nəticə verdi – birincinin künc zərbəsindən ötürməsini ikinci qolla tamamladı. Jota cəmi 11 dəqiqə ərzində het-trik edə bilərdi, ancaq onun əlverişli mövqedən iki zərbəsinin qarşısını Sels aldı. “Meşəçilər”in qapıçısı Salahla Qakponun zərbələrinə də əla reaksiya göstərdi. Daha çox qapıçının parlaq oyunu sayəsində heç-heçəni qoruyan “Nottingem Forest” ilk “3-lüy”ü tərk etmək fikrində deyil. Bu komandanın məğlubiyyətsiz oyunlar seriyası 7-yə bərabərdi. “Liverpul” isə hələ də liderdi.

Düzdü, “qırmızılar”la ən yaxın izləyicisi arasındakı xal fərqi azaldı. Şimali London derbisində “Arsenal” yenə “Tottenhem”dən üstün oldu. Ardıcıl 3-cü dəfə. “Topçular”, demək olar ki, oyunboyu dominantlıq etdilər, onlar topa nəzarəti əldən verməməklə tez-tez rəqib qapısı önündə təhlükə yaratdılar. Bu üzdən qol buraxmaları bir qədər gözlənilməz oldu. Düzdü, “Arsenal”ın hesabda geriliyi uzun sürmədi. Artan təzyiq fasiləyə qədər iki topun vurulmasına gətirib çıxardı. 2-ci hissədə azarkeşlər qol görmədi, meydanda çox qarışıq, xaotik mübarizə getdi. “Mahmızlar” get-gedə “avrokubok zonası”ndan uzaq düşməkdədi.

Girişdə vurğuladığımız kimi, “Çelsi” də xal itirdi. Evdə “Bornmut”a qalib gələ bilməyən “zadəganlar”ın qələbəsiz seriyası 5 oyuna çatdı. İlk yarı onların tam üstünlüyü şəraitində keçdi. “Çelsi” Palmerin sayəsində 13-cü dəqiqədə hesabı açdı. İlk yarının gedişində meydan sahiblərinin dəfələrlə fərqi artırmaq imkanı oldu. Təkcə elə Cekson 3-4 imkanı qaçırdı. “Bornmut” isə ilk yarıda çox solğun oyun göstərdi və yalnız bir dəfə qapıçını narahat etdi. Düzdü, onda da Klyuvertin zərbəsi dirəkdən döndü. Amma niderlandlı hücumçu 2-ci hissənin əvvəlində rəqib qapısına yol tapa bildi, daha dəqiqi, Semenyonun qazandığı penaltini qola çevirdi. “Çelsi”nin futbolçuları gözlənilməz qoldan sonra, təbii ki, üstünlüyü yenidən ələ keçirməyə çalışdı. Ancaq hücumlar əvvəlki qədər kəskin deyildi. 2-ci hissənin ortalarında Mareskanın komandası, ümumiyyətlə, hesabda geri düşdü. İlk qolda penalti qazanan Semenyo bu dəfə özü fərqləndi. Hər halda, londonlular sonluğu çox yaxşı keçirməklə məğlubiyyətdən qaça bildi.

Uzatma dəqiqələrində Ceyms cərimə zərbəsini ustalıqla yerinə yetirdi. Sözsüz, “Çelsi” 1 xaldan daha artığına ümid edirdi. Axı “Nyukasl” turdan əvvəl “zadəganlar”a isti nəfəsini hiss etdirirdi. Bəli, “sağsağanlar” ertəsi evdə “Vulverhempton”u darmadağın etməklə 4-cü pilləyə yüksəldi.

“Mançester Siti” isə “Brentford”la oyunda qələbəyə can atırdı ki, həm uğurlu seriyanı davam etdirsin, həm də liderlərdən uzaq düşməsin. İlk yarı bərabər mübarizə şəraitində keçdi. “Şəhərlilər” topa nəzarət etsə də, “Brentford” daha kəskin hücumlar qururdu. Mbemo ilə Vissanın təhlükəli zərbələrinə qonaqlar əsasən Holann ilə cavab verirdi. Fasilədən sonra oyun daha açıq və parlaq xarakter aldı, qol vəziyyətlərinin sayı-hesabı yox idi. Hissə yarılanandan sonra Foden ardıcıl iki qol vurdu. Onun 78-ci dəqiqədəki qolundan sonra hər kəsə elə gəldi ki, artıq oyunun taleyi həll olundu. Ancaq cəmi 4 dəqiqə sonra rəqib qapısı önündəki qarışıqlıqdan, səkmələrdən yararlanan Vissa intriqanı bərpa etdi. Uzatma dəqiqələrində isə hesab bərabərləşdi: Nerqor Lüis-Potterin cinah ötürməsindən yararlandı.

MY çempionatdakı 4 oyunluq qələbəsiz seriyaya son qoydu. “Qırmızı şeytanlar” evdə aşkar autsayder “Sauthempton”u məğlub etdi. Düzdü, oyun Amorimin komandası üçün gözləniləndən çətin keçdi. Hətta oyunun əksər bölümündə “müqəddəslər” daha yaxşı təsir bağışladı. Onlar ilk yarıda sakitcə 2-3 qol vura bilərdi, sadəcə, Onana dəfələrlə komandasını xilas etdi. Düzdü, Uqarte 43-cü dəqiqədə “qapıların yerini səhv salanda” kamerunlu kiper də heç nə edə bilmədi. 2-ci hissənin əvvəlində Sulemana bir neçə şansı boşa verəndən sonra futbolun əbədiyaşar “vurmayana vurarlar” prinsipi işə düşdü. Daha dəqiqi, mankunianlar son 10 dəqiqədə oyunun axarını dəyişə bildi. Cari mövsümdə növbəti dəfə onların köməyinə Dyallo çatdı. 13 dəqiqə ərzində het-trik edən afrikalı hücumçu MY-ni biabırçılıqdan qurtardı. Bu əzmkar qələbə mançesterliləri 12-ci pilləyə yüksəltdi. Ancaq oyun səviyyəsi qətiyyən MY düşərgəsini razı sala bilməz.

Turun qalan oyunlarına gəlincə, Devid Moyesin “Everton”un baş məşqçi postuna dönüşü uğurlu olmadı. Liverpul klubu evdə “Aston Villa”ya uduzdu. Əvəzində Qrem Potter “Vest Hem”də işə qələbə ilə başladı. “Çəkicdöyənlər” “Fulhem”i evdə məğlub etdi. “Kristal Pelas” “Lester” üzərində səfər qələbəsi qazandı – 2:0. “Brayton” da “İpsviç”lə səfər oyununda bu hesabı təkrarladı.

21-ci tur
Nottingem Forest – Liverpul 1:1
Vud, 8 – Jota, 66. (30249)
Liverpul: Alisson, Aleksander-Arnold, Konate (Jota, 66), Van Diyk, Robertson (Simikas, 65), Qravenberx, Makallister, Salah, Soboslai, Qakpo, Dias (Cons, 75).
Çelsi – Bornmut 2:2
Palmer, 13. Ceyms, 90+5 – Klyuvert, 50-p. Semenyo, 68. (39092)
Çelsi: Sançes, Kaysedo (Feliş, 81), Açimponq (Adarabioyo, 71), Koluill, Kukurelya, Lavia (Ceyms, 56), Fernandes, Madueke (Neto, 81), Palmer, Sanço, Cekson.
Brentford – Mançester Siti 2:2
Vissa, 82. Nerqor, 90+2 – Foden, 66; 78. (17048)
MS: Orteqa, Akanci, Ake, Qvardiol, Kovaçiç (Gündoğan, 76), Nunyeş, Foden (Mekeyti, 87), De Bruyne, B.Silva, Savinyo, Holann.
Arsenal – Tottenhem 2:1
Solanke, 40-öz qapısına. Trossar, 44 – Son Hın Min, 25. (60287)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli (Zinçenko, 87), Edeqor, Parti, Rays (Merino, 87), Sterlinq (Martinelli, 61), Haverts, Trossar (Tirni, 77).
Tottenhem: Kinski, Porro, Drequşin, Qrey, Spens, Bissuma (Meddison, 46), Sarr (Conson, 46), Berqvall, Kulusevski, Solanke, Son Hın Min (Rişarlison, 78).
Mançester Yunayted – Sauthempton 3:1
Dyallo, 82; 90; 90+4 – Uqarte, 43-öz qapısına. (73722)
MY: Onana, Yoro (Maquayr, 83), De Liqt, Martines, Dyallo, Uqarte (Kollyer, 54), Maynu (Antoni, 46), Mazraui (Eriksen, 83), Qarnaço, Fernandeş, Heylunn (Zirkzee, 53).
Nyukasl – Vulverhempton 3:0
İsak, 34; 57. Qordon, 74. (51975)
Vest Hem – Fulhem 3:2
Soler, 31. Souçek, 33. Paketa, 67 – İvobi, 51; 78. (62456)
Everton – Aston Villa 0:1
Uotkins, 51. (39085)
Lester – Kristal Pelas 0:2
Mateta, 52. Qehi, 78. (29766)
İpsviç – Brayton 0:2
Mitoma, 59. Rütter, 82. (29403)

1. Liverpul 20 14 5 1 48-20 47
2. Arsenal 21 12 7 2 41-19 43
3. Nottingem F. 21 12 5 4 30-20 41
4. Nyukasl 21 11 5 5 37-22 38
5. Çelsi 21 10 7 4 41-26 37
6. Mançester S. 21 10 5 6 38-29 35
7. Aston Villa 21 10 5 6 31-32 35
8. Bornmut 21 9 7 5 32-25 34
9. Brayton 21 7 10 4 32-29 31
10. Fulhem 21 7 9 5 32-30 30
11. Brentford 21 8 4 9 40-37 28
12. Mançester Y. 21 7 5 9 26-29 26
13. Vest Hem 21 7 5 9 27-41 26
14. Tottenhem 21 7 3 11 43-32 24
15. Kristal Pelas 21 5 9 7 23-28 24
16. Everton 20 3 8 9 15-26 17
17. Vulverhempton 21 4 4 13 31-48 16
18. İpsviç 21 3 7 11 20-37 16
19. Lester 21 3 5 13 23-46 14
20. Sauthempton 21 1 3 17 13-47 6

Bombardirlər: Salah (Liverpul) - 18, Holann (MS) – 16, İsak (Nyukasl) – 15, Palmer (Çelsi) – 14.

Turun rəqəmi
3 – Dyallo “Sauthempton”la oyunun son 13 dəqiqəsində 3 qol vurdu. Kot- d”İvuardan olan hücumçu premyer-liqa tarixinə bunu bacaran 3-cü futbolçu kimi düşdü. Əvvəllər yalnız Suler (1999) və Runi (2010) belə nəticə ilə yadda qalıb.

Turun ulduzu
Amad Dyallo (MY) – “Vulverhempton”la oyunda iki qol vuran və bir məhsuldar ötürmə verən İsak da var, ancaq biz üstünlüyü afrikalıya verdik. Hər halda, MY-ni növbəti fiaskodan məhz o qurtardı. Qısa zaman kəsiyində ardıcıl üç qol vurmaqla!

Turun sitatı
Vircil van Diyk, “Liverpul”un müdafiəçisi: “O-o, belə çıxır ki, biz indi böhrandayıq (“Liverpul” bütün turnirlər çərçivəsində son 4 oyunun yalnız birində qələbə qazanıb – red.)? Yox, bu yalnız onu təsdiqləyir ki, premyer-liqa çox mürəkkəb çempionatdı, güclü rəqiblərlə oynamalısız. Düşünürəm ki, həmişə “Nottingem”lə oyunun 2-ci hissəsindəki kimi oynasaq, mövsümün ilk yarısında olduğu qədər, yəni çox qol vuracağıq”.

Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Bir qədər məyusuq. 2:0-ı qoruya bilmədik, təəssüf ki, oyunu qələbə ilə bitirmək mümkün olmadı. Mərkəz müdafiəçilərinin, Rodrinin yoxluğu və bəzi başqa amillər üzündən yaxşı formada deyilik, meydanda doğru qərarlar vermədik. Qorxulu heç nə yoxdu. Baxmayaraq ki, yaxşı yerdə qərarlaşmamışıq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Bu gün bundan artığını arzulaya bilməzdim. Çoxları ikinci hissəni qeyd edir və belə yanaşma ədalətlidi – pis oynamadıq. Ancaq belə komanda ilə rəqib meydanında oynayırsızsa... “Nottingem”, demək olar ki, hər oyunda əks-hücum taktikasını seçir. Bu gün 98 dəqiqə ərzində biz yalnız bir əks-hücuma imkan verdik ki, bu da rəqibə qol vurmaq üçün bəs etdi”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Komandamla qürur duyuram, düşünürəm ki, qeyri-adi oyun göstərdik. Mövsümdə ən vacib oyunlarımızdan birini keçirdik. Hesab edirəm ki, 1-ci dəqiqədən etibarən rəqibdən daha yaxşı oynadıq. Qələbəyə tam layiqik, azarkeşlərimiz xoşbəxt oldu”.
Seçilən
18
football-plus.az

1Mənbələr