AZ

Koul Palmer Lamin Yamalın çıxışını qiymətləndirdi: “O, dəlidir”

“Çelsi”nin ingilis hücumameyilli yarımmüdafiəçisi Koul Palmer maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az “Sky Sport” dərgisinə istinadən məlumat verir ki, Palmer “Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın çıxışını çox yüksək qiymətləndirib:

“Mən onu bu mövsüm mütəmadi surətdə görməmişəm, amma Avropa Çempionatının finalında (İngiltərə – İspaniya – 1:2 – redaktorun qeydi) ona qarşı oynayarkən… Onun oyununu izləmək sadəcə xoşdur. O, dəlidir, dəli, bax, o, bu qədər yaxşıdır. Bu, sadəcə dəlilikdir”, deyə Koul Palmer məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 26 oyuna çıxıb. O, bu oyunlarda 9 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 77 oyun, 16 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib. O, bu görüşlərdə 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
28
arena.az

1Mənbələr