AZ

Kreml yumşalır, Kiyev geri çəkilir…

ABŞ Prezidenti Donald Tramp Rusiyaya yeni sanksiyaların tətbiqini mümkün hesab edir.

O, Rusiyanın Ukraynada davam edən müharibəni dayandırmaq üzrə danışıqlara getməyəcəyi təqdirdə sanksiyaları daha da gücləndirəcəyini bildirib. Bu açıqlama Donald Trampın "Truth" sosial şəbəkəsindəki paylaşımında və jurnalistlərlə keçirdiyi görüşdə verilib.

Tramp qeyd edib ki, Ukraynada müharibənin dayandırılması Rusiya üçün “çox böyük bir xeyir” olacaq. O, Rusiya Prezident Vladimir Putinə müharibəni dayandırmağı və danışıqlara başlamağı təklif edib:

“Daha çox qan axıtmadan, bu absurd müharibəyə son qoyun! Bu müharibə yalnız daha da pis olacaq”.

Tramp  Rusiya prezidenti ilə həmişə yaxşı münasibətlərdə olduğunu bildirib. Eyni zamanda, II Dünya müharibəsi zamanı Rusiyanın dəstəyini vurğulayaraq “Biz heç vaxt unutmamalıyıq ki, Rusiya II Dünya müharibəsinin qazanılmasında çox böyük rol oynayıb və təxminən 60 milyona yaxın insan itirib”,-deyib. Halbuki, rəsmi Sovet statistikaları bu itkinin 27 milyon olduğun yazır.

O, danışıqları “asan və ya çətin yollarla” aparmağı təklif edərək asan yolun daha üstün olduğunu vurğulayıb. ABŞ Prezidentinin sözlərinə görə, ABŞ rəsmiləri yeni sanksiya strategiyaları üzərində işləyir. Bu strategiyalar iki istiqamətdə özünü göstərə bilər:

1.    Əməkdaşlıq halında Rusiya neft istehsalçıları üzrə sanksiyalar yumşaldılacaq.

2.    Əks halda, neft ticarətini məhdudlaşdırmaq üçün daha ciddi addımlar atılacaq. 

Bura Avropa və Asiyadakı iri şirkətlər, o cümlədən Çin və Hindistan şirkətləri üzərində ikincili sanksiyaları daxildir.

Trampın taktikası

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən rusiyalı politoloq, diplomat Sergey Markov bildirib ki, Trampın Ukraynada müharibəni mümkün qədər tez dayandırmaq barədə verdiyi zəmanəti insanlar çox optimist qəbul ediblər:

“Bu yanaşma yanlış idi. Moskva rəhbərliyində Trampın bu bəyanatını o qədər də optimist qarşılamadılar, daha çox sakit münasibət bəslədilər. Çünki ən yaxın zamanda Ukrayna ilə bağlı hər hansı kompromis ehtimalı azdır. Rusiya və ABŞ arasında kompromis axtarışı üzrə danışıqlar isə davam edəcək”.

Politoloq vurğulayıb ki, hazırda Trampın Rusiya ilə bağlı daha sərt və tənqidi bəyanatları var. Lakin Rusiyada bu bəyanatları da çox pessimist qəbul etmirlər:

“Bunun səbəbi həm əvvəlcə çox böyük optimizm olmaması, həm də Trampın sərt bir taktika izlədiyini başa düşmələridir. O, Ukraynada sülhün əldə olunmasını istəyir və müəyyən bir kompromis tapmağa çalışır. Mən Trampın taktikasını belə təsvir edərdim: Tramp Ukraynada sülhü Rusiyadan "almaq", yəni Rusiyanın bəzi məsələlərlə razılaşması müqabilində sanksiyaların azaldılmasını təklif etmək istəyir.

Söhbət yalnız Rusiyaya qarşı sanksiyaların artırılması təhdidlərindən getmir. Belə təhdidlər olsa da, əsas məqsəd Rusiyaya sanksiyaların əhəmiyyətli dərəcədə azaldılmasını təklif etməkdir. Bunun əvəzində isə Rusiya öz mövqeyini yumşaldar və Ukrayna ilə bağlı tələblərini azaldar. Tramp ABŞ-nin Ukraynadakı müharibəyə maliyyə xərclərini xeyli azaltmaq istəyir. Bu, Ukraynaya hərbi dəstəyin və digər maliyyə öhdəliklərinin azaldılmasını nəzərdə tutur.

Ehtimal ki, Tramp Rusiyaya qarşı mövqeyini sərtləşdirmək üçün sanksiyaları bir qədər artırdığını göstərməyə çalışacaq. Lakin eyni zamanda, Ukrayna müharibəsinə maliyyə dəstəyini kəskin şəkildə azaldacaq. Bununla da daha yaxşı siyasi şərtlər yaradacaq”.

Əsas məqsəd nədir? 

Həmsöhbətimiz bildirib ki, Tramp Ukrayna və Avropa İttifaqı ölkələrinin rəhbərliyi öz mövqelərini yumşaltsın:

“Bunun üçün deyəcək ki, bu, Ukraynanın, Avropanın müharibəsidir və qoy Avropa bu müharibəni maliyyələşdirsin. Amerikalılar isə maliyyələşməni azaldacaq. Eyni zamanda, Rusiyaya qarşı formal olaraq daha sərt mövqe sərgiləyəcək və bəzi iqtisadi sanksiyaları artıracaq.

Sonra Tramp gözləyəcək ki, bütün tərəflər öz mövqelərini yumşaltsın. Nəticədə belə mövqe ortaya çıxacaq:

1.    Avropa  daha çox ödəmək istəmədiyi üçün mövqeyini yumşaldacaq

2.    Zelenski Ukrayna ordusunun zəifləməsini istəmədiyi üçün mövqeyini yumşaldacaq

3.    Rusiya sanksiyaların artması səbəbindən daha çox itirmək istəmədiyi üçün mövqeyini yumşaldacaq”.

Ekspert deyib ki, Trampın iki strategiyası var. Bunlar aşağıdakılardır:

1.    Hamıya sülh şərtləri təklif etmək və mümkün qədər tez sülh müqaviləsini bağlamaq

2.    Əgər tərəflər sülhə razılaşmasa, onların mövqelərini zəiflətmək üçün şərtlər təklif etmək.

Bu strategiyanın hansının işləyəcəyi və nəticə verib-verməyəcəyini yaxın zamanda görəcəyik.

Seçilən
15
cebheinfo.az

1Mənbələr