AZ

Niyazabad haradadır? - Qafar Cəbiyevin tədqiqatı

Qədim və orta əsr mənbələrində, əfsanə və nağıllarda adı çəkilən, lakin bugünədək yeri və dəqiq koordinatları bəlli olmayan neçə-neçə qalalarımız, yaşayış məntəqələrimiz, o cümlədən Azərbaycanın iqtisadi və mədəni həyatında xüsusi yer tutmuş şəhərlərimiz olub. Lap yaxın keçmişimizədək elə qədim Qəbələ, Beyləqan və Mehrəvan kimi iri şəhərlərimizin də yeri və dəqiq koordinatları elm aləminə bəlli deyildi. Elə İnstitutun özündə də dəqiq yerini bilmədiyimiz neçə-neçə qədim və orta əsr şəhərlərimiz var. Bir çox yazılı qaynaqlarda adları çəkilən Yunan, Paytakaran, Şirvan, Sədun, Quştəsfi, Mahmudabad şəhərləri bu qəbildən olan Azərbaycan şəhərləridir. Dəqiq yeri bilinməyən belə tarixi ünvanlardan birisi də XVI-XIX əsrlərdə ölkənin iqtisadi və mədəni həyatında, xüsusən də Xəzər dənizi vasitəsilə həyata keçirilən beynəlxalq ticarət əlaqələrində xüsusi yeri olan Niyazabaddır. Xəzər dənizi sahilində olduğundan Niyazabad daha çox məhz liman şəhəri kimi tarixə düşüb.

Orada açıq dənizdə hərəkət edən gəmilərin yan alması üçün əlverişli buxta var idi. Həştərxan və İrandan gələn gəmilər oraya yan alır, gətirdikləri yükləri təhvil verir, yeni yüklər qəbil edirdilər. Xatırladaq ki, orta əsrlərində, daha dəqiq desək, XVI-XIX əsrlərdə Xəzərin şimal-şərq sahillərində Niyazabaddan başqa limanlar da olub. Bu sıradan Şabran və Vəlvələ çaylarının məxsəbində gəmi Xəzərə töküldüyü yerlərdə Şabran və Vəlvəl limanları da fəaliyyət göstərib. Hansı ki, bir sıra strateji yüklər at, dəvə, öküz və ulaqlarla həmin limanlardan birbaşa Şamaxıya, yaxud da Şamaxıdan oraya daşınırdı. Lakin bir-birindən təqribən 10 km məsafədə olan həmin limanlar Niyazabad qədər məşhurlaşa bilməyib.

Niyazabad barədə hələlik ancaq Avropa səyyahlarının yol qeydləri, Rusiyada olan diplomat və hərb xadimlərinin tərtib etmiş olduqları gündəliklər, onların rus çarına, Səfəvi hökmdarına və Şamaxı xanlığı rəsmilərinə olan yazışmaları əsasında müəyyən fikirlər söyləmək mümkündür.

Vaxtı ilə Almaniya və Danimarka ərazilərinin bir hissəsini əhatə edən Holşteyn-Ottorp dövlətinin hökmdarı III Fridrix (1616-1659) Avropada ipək ticarətinə nəzarəti ələ keçirmək məqsədilə Misir və Səfəvi dövlətlərinə elçilər göndərir. Əslən Yuxarı Saksoniyadan olan Adam Oleari isə səfirliyin katibi vəzifəsini icra edirdi. Adam Olearinin yazdığına görə, 1635-ci ilin noyabrında səfirlik əməkdaşlarını gətirən gəmi Dərbənd yaxınlığında fırtınaya düşür. Fırtınadan qurtulduqdan sonra onları Niyazabada gətirirlər. Onları qarşılamaq məqsədilə

Şamaxıdan göndərilən tərcüməçi və mehmandarlar gələnədək avropalı elçilər 5 həftə ərzində Niyazabadda qalmalı olublar.

Olearinin yazdığına görə, o vaxt Niyazabad 16-17 evdən ibarət bir yaşayış məntəqəsi olub. Müskür mahalına aid olan bu evlərin damları düzdür və orada ot bitir. Sakinlər bu evlərin üstündə yemək yeyir və hətta orada yatırlar da. Müskür kəndlərində əhali daha çox camışçılıq təsərrüfatına üstünlük verir, pendiri inək südündən deyil, qoyun südündən tutur və daha çox əkinçiliklə məşğul olurlar.

Beş həftə sonra səfirlik əməkdaşları Şamaxı Xanın mehmandarlarının bələdçiliyi ilə Olearinin "cənnətməkan" adlandırıdığı Niyazabadı tərk edərək Altıağac istiqamətində yola çıxırlar...

XVII əsrdə Azərbaycanda səyahətdə olmuş türk səyyahı Övliyə Çələbi yazır ki, Niyazabad Dağıstanla Şirvan arasındadır. Qədim zamanların yadigarı olan bu şəhərin binaları hələ də bir vaxtların ehtişamından xəbər verir. Moğollar, sonra da dağıstanlı qumuq, qaytaq və s. tayfalar buraya hücum edib təxrib etmişdirlər. Evliyə Çələbinin yazdığına görə, "Sultan III Muradın böyük komandanı Qara Fərhad paşa bu şəhərdə qışlamış və Niyazabad qalasını təmir etdirmişdi... Şəhərdə qırx məhəllə, qırx minarə, cümə camesi, karvansara, hamam və bazar var".

Evliyə Çələbinin qeydlərində Niyazabadın hətta ayrıca sultanlıq olduğu, min nəfərə qədər əsgəri və iki hakimi olduğu bildirilir. Şəhərin kələntərinin türk səyyaha bildirildiyinə görə, orada 6000 bağ-bağçalı evi olub.

Evliyə Çələbinin Niyazabadla bağlı qeydlərində daha bir maraqlı məlumat da var. O yazır: "Niyazabadda xacə Əhməd Yasəvinin nəslindən olan Əfşar babanın türbəsi var... Buradakı təkyədə yüzdən çox füqəra var. Təkyədə gələn-gedənə yemək verirlər və s".

XVIII əsrin əvvəllərində Qafqazı tədqiq edən rus alimlərindən olan Əslən alman olan İ.Q.Qerber həm də Rusiyanın tanınmış hərb xadimlərindən olub. İxtisasca artilerist olsa da, o, coğrafiya və etnoqrafiya elmlərinə də böyük maraq göstərib.

O yazırdı ki, Niyazabad limanında daha çox məhz Rusiyaya məxsus gəmilər yer alırdı. Avropa və Şərqdən olan tacirlər orada qızğın alver edirdilər. Həmin ticarət əməliyyatlarından Şamaxı xanına böyük məbləğdə rüsum daxil olurdu.

Şamaxıdan 6 ağac (1 ağac təqribən 7 kimidir), yəni təqribən 42 km şimali-şərqdə olan Niyazabad liman - şəhəri barədə rus müəlliflərinin əsərlərində və yol qeydlərində kifayət qədər əhatəli məlumatlar yer alıb. Həmin məlumatlardan bəlli olur ki, Xəzərin Niyazabad sahili başdan-başa qumsal ərazilərdən ibarətdir. Orada Bakı buxtasında olduğu kimi, möhkəm daşlı süxurlardan ibarət qayalıqlar yoxdur. Bu səbəbdən də həmin sahədə gəmilərin sahilə yan alması ilə bağlı tez-tez probləmlər yaranarmış. Yəni bu ərazidə dəniz nisbətən dayaz olduğundan iri gəmilər bəzən sadəcə oraya yan ala bilməyərək lilə otururdu. Yalnız güclü şərq küləkləri başlayarkən həmin gəmiləri oturduğu yerdən hərəkətə gətirmək mümkün olurdu. Külək qoruyucu qaya, təpə və yüksəkliklər olmadığından külək Abşeronun dəniz sahili ərazilərin qumunu da dənizə daşıyırdı. Bundan əlavə, güclü küləklər və çovğun olanda sahildəki limana aid yüngül konstruksiyalardan ibarət qurğular və ticarət məntəqələri də göyə sovrulurdu.

Gəmilər limanı tərk etmək istəyərkən isə qərb küləyini gözləməli olurdular.

Seçilən
16
aznews.az

1Mənbələr