Livanlılar atəşkəsə baxmayaraq İsraillə sərhəddəki evlərinə qayıda bilmir.
“İki sahil”in “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, bu barədə BMT-nin Livan üzrə xüsusi koordinatoru Janine Hennis-Plascher və missiyanın rəhbəri və UNIFIL sülhməramlı kontingentinin komandiri general-leytenant Haroldo Lazaro birgə bəyanatda bildiriblər.
Sənəddə qeyd olunur ki, atəşkəs sazişində göstərilən müddətlərə əməl olunmayıb. Bu, cənub sərhədi boyunca yerləşən yaşayış məntəqələrinin məcburi köçkünlərini yenidən ehtiyatlı olmağa vadar edir: "Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının 1701 (2006) saylı qətnaməsinin pozulması halları gündəlik qeydə alınmaqda davam edir".
Xüsusi Koordinator və BMT-nin Livanın cənubundakı missiyası hər iki tərəfi noyabr ayında atəşkəs sazişi üzrə öhdəliklərinə əməl etməyə və 1701 saylı qətnamənin tam icrasına çağırıb.
Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi bildirib ki, bu gün Livanın cənubunda İsrail qüvvələrinin döyüşlər zamanı tərk edilmiş evlərinə qayıtmağa çalışan livanlıları atəşə tutması nəticəsində 11 nəfər ölüb, 83 nəfər yaralanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”