AZ

Xeyir və bərəkət ayları – Üç aylar


Dini ədəbiyyatda Rəcəb, Şaban və Ramazan aylarına “Üç aylar” deyilir. İslam dünyasında hər il mənəvi mühitin, ab-havanın hökm sürdüyü üç aylar müsəlmanlara mənən yenilənmək imkanı verir.
Üç aylara xas mənəvi gözəlliklərdən, bu aylarda insan qəlbinə əks edən mənəvi zövqlərdən həqiqi mənada həzz almaq üçün ilk növbədə bu ayların “qənimət ayları” olduğunu bilmək lazımdır.
Bu mübarək günlərin üzərimizə yağdırdığı xeyir və bərəkət yağışını hiss edib yaşamaq üçün ilk növbədə Ona inanmaq, Ona yönəlmək lazımdır. Bu baxımdan məsələyə elə yanaşmalıyıq ki, mümkün qədər Rəcəbləşməli, Şabanlaşmalı və Ramazanlaşmalıyıq.
Üç ayların başlanğıcı olan Rəcəb ayı, Uca Allah tərəfindən Qurani-Kərimdə haram aylar kimi qeyd olunan dörd aydan biridir. Bu ay həm də Allahın rəhmətinin coşduğu, nemətlərinin yağdığı ay deməkdir.
Rəcəb ayının ilk cümə gecəsinə Rəqaib gecəsi deyilir. Allah (c.c.) bu gecədə möminlərə hər cür bərəkət verir. Onlar da bu bərəkətə qarşı rəğbət göstərirlər. Əslində “rəqaib” termininin mənşəyi də “rəğbət” sözündəndir. Ona görə də, həmin günün gecə və gündüzündən xeyirxah əməllər üçün istifadə etmək, ibadət etməklə yanaşı, xəstələrin, qocaların, kasıbların könlünü almaq lazımdır.
Rəcəb ayının müqəddəs gecələrindən biri də Merac gecəsidir. Peyğəmbərimizin (s.ə.s.) Meraca yüksəldiyi bu gecə hicrətdən təxminən bir il əvvəl Rəcəb ayının 27-ci gecəsidir. Allahın (c.c.) Peyğəmbərimizə (s.ə.s.) ümmətindən Allaha şərik qoşmayanların Cənnətə girəcəyini müjdə verdiyi gecə də bu gecədir.
Üç ayların ikincisi olan Şaban da fəzilət baxımından son dərəcə qiymətlidir. Allah Rəsulu (s.ə.s.) digər aylara nisbətən Şaban ayında daha çox oruc tutardı. Həzrət Aişənin (r.anha) rəvayət etdiyi bir hədisdə belə deyilir: “Allah Rəsulu (s.ə.s.) bəzən o qədər oruc tutardı ki, biz deyərdik ki, yəqin heç fasilə verməyəcək. Bəzən də oruc tutmağa o qədər fasilə verərdi ki, biz deyərdik ki, yəqin heç oruc tutmayacaq” (Buxari, Savm, 52).
Allah Rəsulu Şaban ayında çox oruc tutduğu üçün ümmətinə də bunu tövsiyə etmişdir. “Ramazandan sonra ən fəzilətli oruc hansıdır?” - deyə soruşanda Allah Rəsulu (s.ə.s.): “Ramazan ayına hörmət əlaməti olaraq Şaban ayında oruc tutmaqdır”, - cavabını vermişdir (Tirmizi, Zəkat, 28).
Şaban ayının 14-dən 15-nə keçən gecə Bəraət gecəsidir. Bu söz bəraət almaq, təmizə çıxmaq kimi mənalara gəlir. Bu ad möminlərin bu gecədə günahlarından qurtulmalarına və təmizə çıxmalarına ümid etdikləri üçün verilmişdir.
Peyğəmbərimiz (s.ə.s.) Şaban ayının 15-ci gününün gecəsini ibadətlə, gündüzünü orucla keçirməyi tövsiyə etmişdir.
Ramazan isə Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduğu müqəddəs bir aydır. Bu ayda edilən bütün ibadətlərin və görülən bütün xeyir əməllərin savabı başqa aylardan qat-qat çoxdur. Ramazan ayına “On bir ayın sultanı” da deyilir. Peyğəmbərimiz Həzrəti Məhəmmədə (s.ə.s.) peyğəmbərlik də bu ayda verilmişdir.
Qurani-Kərimdə min aydan daha xeyirli olduğu deyilən və möminlərə Allahın ən böyük lütflərindən biri olan Qədir gecəsi də bu ayın içindədir.
Üç aylar, yəni Rəcəb, Şaban və Ramazan ayları həm də tövbə aylarıdır. Günahlar ruha yapışan kirlərdir. Bu səbəbdən tövbə ilə günah kirlərini təmizləmək lazımdır.
Bəli, üç aylar xeyir və bərəkət aylarıdır. Əsas odur ki, insan bu ayların xeyir və bərəkətindən istifadə edə bilsin.
“Allahım, Rəcəb və Şaban aylarını bizim üçün xeyirli et və bizi Ramazan ayına qovuşdur”…

Murad Məmmədov
Seçilən
25
yeniavaz.com

1Mənbələr