Sərdar Adalı dekabrın 29-da prezident seçiləndən bəri hər kəsi İstanbul nəhənginin yeni baş məşqçisinin kim olacağı maraqlandırırdı. Edin Terziç, Niko Kovaç, Rocer Şmidt, Paulo Fonseka, Razvan Luçesku, Feliks Maqat, Roberto Mançini kimi məşqçilərin adı hallansa da, Adalı sonda üstünlüyü Ole-Qunnar Sulşerə verdi. Tərəflər arasında ilyarımlıq anlaşma əldə olundu və 51 yaşlı mütəxəssis İstanbula gəldi.
İstanbul hava limanında təmtəraqla və gül-çiçəklə qarşılanan Sulşerin ilk açıqlamaları belə oldu:
“Çox məmnunam. Bu qədər insanın bu mükəmməl klub üçün bura gəlməsi çox gözəldi. Rəhbərliklə artıq bir çox məsələləri müzakirə etmişik. Səbirsizliklə yeni işimə başlayacağım anı gözləyirəm. Bu möhtəşəm şəhərdə olmaq çox gözlədi”.
Bu məqamda “Qartal”ın yeni çalışdırıcısı ilə bir qədər yaxından tanış olaq. Futbolçu kimi “Mançester Yunayted”də 9 mövsüm keçirən, klubun əfsanələrindən olan Sulşer müstəqil məşqçi kimi karyerasına 2011-ci ildə “Molde”də start verib. 113 illik tarixə malik bu klub ilk ölkə çempionluqlarını (2011, 2012) məhz bu məşqçinin başçılığı altında qazanıb. 2014-də onun “İpsviç” macərası qısa və uğursuz alındı. Bu komanda premyer-liqada sonuncu yeri tutaraq çempionşipə yuvarlandı. Yanvarda təyin olunan Sulşer sentyabrda istefaya göndərildi.
2015-18-ci illərdə onun “Molde”də ikinci dönəmi baş tutdu. Klub bu müddətdə çempion ola bilməsə də, avrokuboklarda uğurlu nəticələrlə yadda qaldı. Ən əsası həmin “Molde”də Erlinq Holannın ulduzu parlamağa başladı! 2018-in dekabrında “Mançester Yunayted” Joze Mourinyo ilə yolları ayırandan sonra baş məşqçi postuna müvəqqəti Sulşer gətirildi. Komanda onun rəhbərliyi altında ilk 19 oyunun 14-də qalib gəlməklə böyük yüksəlişə nail oldu və 2019-un martında bu məşqçi ilə daimi əsasda müqavilə imzalandı. Həmin mövsüm “Yunayted” ÇL-də PSJ-yə qarşı mükəmməl geridönüşlə diqqəti çəkdi. Norveçli mütəxəssis mankunianların çempionluq həsrətinə son qoya bilməsə də, 2020-də komandanı AL-in yarımfinalına, 2021-də isə AL-in finalına daşıdı və orda penalti seriyasında “Vilyarreal”a boyun əydi. 2020/21-də “qırmızı şeytanlar” premyer-liqanı 2-ci pillədə başa vurdular. Amma növbəti mövsüm nəticələr pisləşincə Sulşer 2021-in noyabrında qovuldu.
Bu mütəxəssis həmin vaxtdan bəri işsiz idi. Norveçli son dönəmlərdə UEFA-nın texniki komitəsində çalışaraq AÇ-2024-ün gedişində oyunları təhlil edirdi. Yeri gəlmişkən, bu təyinat hələ bir il öncə də reallaşa bilərdi. 2023-ün dekabrında “Beşiktaş” Rza Çalımbayla yollarını ayırandan sonra məhz Sulşerə rəsmi təklif irəli sürmüşdü. Amma həmin vaxt təcrübəli mütəxəssis bir qədər düşünəndən sonra təklifi geri çevirmiş, nəticədə İstanbul nəhəngi Fernando Santuşla anlaşmışdı. Sulşer son aylarda Norveçin Nordmöre əyalətində ailəsiylə bilrikdə zaman keçirirdi. Onu da bildirək ki, Sulşer “Beşiktaş” tarixinin 36-cı əcnəbi, ilk norveçli məşqçisi olacaq. Bu arada Sulşerin köməkçilərindən biri artıq bəllidi. Bu, onun həmyerlisi Erlinq Moedi. 54 yaşlı mütəxəssis Norveç mətbuatına açıqlamasında bu faktı təsdiqləyib.
Moe daha öncə “Molde”də də Sulşerin köməkçisi kimi çalışmışdı. O, 2019-24-cü illərdə isə bu klubda baş məşqçi vəzifəsini icra etmişdi. Covanni van Bronkhorst ayrılandan bəri müvəqqəti məşqçi funksiyasını icra edən Sərdar Topraktəpəyə gəlincə, böyük ehtimalla o, “Beşiktaş”dan ayrılmalı olacaq.
Düzdü, son qərarı Sulşer verəcək. Amma onun yeni məşqçilər korpusuna daxil olması ehtimalı çox cüzidi.