ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasını ölkəsinə birləşdirmək niyyətindədir. Ağ Evin 47-ci rəhbəri Kanada ilə bağlı fikirləri qeyri-ciddi qəbul edilsə də, Avropa ölkələri onun Qrenlandiya arzusundan narahat olub. Amerika mətbuatının adı açıqlanmayan respublikaçı müşavirlərinə istinadən verdiyi məlumata görə, Trampın xarici siyasət prioritetləri siyahısında “Qrenlandiyanın alınması” var.
Tramp adaya nəzarəti ələ keçirmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Qrenlandiyaya sahib olmaq və nəzarət ABŞ-ın milli və iqtisadi təhlükəsizliyi üçün mütləq zərurətdir və bu məqsədə çatmaq üçün hərbi gücdən istifadə olunmayacağına zəmanət verə bilməz. Tramp əmindir ki, ada Birləşmiş Ştatların tərkibinə daxil olanda Qrenlandiyalılar “böyük faydalar əldə edəcəklər”. “Biz onu qoruyacağıq və onu çox pis xarici dünyadan qoruyacağıq. Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək!" - Ağ Evin gələcək rəhbəri bildirib.
Respublikaçıların Danimarka ilə bağlı niyyətlərinin ciddiliyi şübhə doğurmur. Qrenlandiyanı “almaq” ideyası ABŞ-ın 47-ci prezidenti tərəfindən hələ 45-ci prezident olan zaman səsləndirilib. O, ilk dəfə 2017-ci ildə belə planları açıqlayıb, 2019-cu ildə isə niyyətlərinin ciddiliyini təsdiqləyib. Lakin onun administrasiyası həmin vaxt əraziyə nəzarəti ələ keçirmək üçün heç bir addım atmayıb.
Daha əvvəlki Amerika liderləri də Qrenlandiyanı almaq fikrində olublar. Məsələn, Ağ Evin 17-ci rəhbəri Endryu Conson 1860-cı illərdə adanı Danimarkadan almağı düşünüb, 1946-cı ildə isə ABŞ-ın 33-cü prezidenti Harri Trumen Kopenhagenə 100 milyon dollar təklif edib.
Kopenhagen adanı satmaq və ya vermək niyyətində deyil. Belə ki, dekabrda Danimarka hökuməti Qrenlandiyanın müdafiəsinə ayrılan xərcləri 1,5 milyard dollar artırdığını elan edib. Kral Frederik Yeni il müraciətində Danimarkanın Qrenlandiya və Farer adaları ilə birlikdə olduğunu bəyan edib.
ABŞ-ın ərazilərini pulla torpaq satın alaraq genişləndirməsi siyasəti ilk deyil.
Modern.az-ın məlumatına görə,ABŞ müstəqilliyini elan etməsindən sonra hazırkı ərazilərinin 40 faizini pulla alıb.
1776-cı il iyulun 4-də elan etdiyi “İstiqlal Bəyannaməsi” ilə beynəlxalq sistemin aktoru olan ABŞ sonrakı illərdə ərazilərini genişləndirməyə başlayıb.
Luiziana
ABŞ-ın 1803-cü ildə bölgəyə nəzarət edən Fransadan indiki Luiziana ştatının böyük hissəsini satın alıb. Alınan ərzinin sahəsi təxminən Fransadan 2 milyon kvadrat kilometrdən çox idi.
Müvafiq saziş 30 aprel 1803-cü ildə Parisdə imzalanıb. Müqavilənin dəyəri 15 milyon, indiki məzənnə ilə 420 milyon dollar olub. Həmin dövrdə Fransa iqtisadi problemlər yaşayırdı və Napoleon Bonapartın pula ehtiyacı vardı.
Həmin dövrdə alınan torpaqlar ABŞ-ın indiki ərazisinin 20 faizindən çoxunu təşkil edir.
Florida
Florida İspaniyanın Amerikadakı koloniyalarından biri idi. Lakin 19-cu əsrin əvvəllərindən etibarən İspaniya Avropadakı müharibələrin təsirləri ilə bölgədə nəzarəti itirməyə başladı və yerli əhali ilə problemlər yarandı.
Ceyms Monro var rəhbərlik etdiyi ABŞ 1819-cu ildə "Adams Onis" müqaviləsi ilə İspaniyanın hökmranlıq etdiyi Florida ərazisini ələ keçirdi. Monro administrasiyası İspaniyaya qarşı mübarizə aparan vətəndaşlarının vurduğu təxminən 5 milyon dollar zərəri öz üzərinə götürdü.
Arizona
Torpaq alqı-satqısı ABŞ və Meksika arasında da həyata keçirilib. 1854-cü ildə ABŞ Meksikadan 10 milyon dollara təxminən 77 min kvadrat kilometr torpaq aldı. Bu torpaqlara indi Arizona və Nyu Meksiko ştatlarının ərazisinə daxildir.
Alyaska
XIX əsrin ikinci yarısında Çar Rusiyası Krım müharibəsinə görə iqtisadi problemlər yaşayırdı. Bu şəraitdə Rusiya Alyaska ərazisini ABŞ-a satmağı təklif etdi. ABŞ bu təklifi rədd etmədi.
Alyaska 1867-ci ildə ABŞ-a 7,2 milyon dollara satılıb. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 153 milyon dollara bərabərdir.
Bu sövdələşmədə ABŞ-ın o zamankı dövlət katibi Uilyam Syuard mühüm rol oynayıb. Syuard həmin dövrdə ağır tənqidlərə məruz qalmışdı. ABŞ mediası Alyaskanın satın alınmasını "Syuardın axmaqlığı" adlandırıb.
Yeraltı sərvətlərin kəşfi ilə dəyəri artan və regional turizm baxımından qabaqcıl mövqeyə malik olan Alyaska indiki ABŞ ərazisinin təxminən 17 faizini təşkil edir.
Virgin adaları
ABŞ 1917-ci ildə Virgin adalarının Danimarkaya aid hissəsini də satın alıb. Həmin ərazilər üçün 25 milyon dollar dəyəri ilə qızılla ödəniş edilib.
Beləliklə, pulla satın alınan toparlar hesabına ABŞ ərazisini genişləndirib. Hesablamalara görə, müasir ABŞ ərazisinin 40 faiz hissəsini pulla alınan torpaqlar təşkil edir.