“Valideynlər uşaqlarının öz arzularını ifadə etməsinə icazə verməlidirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib.
Müsahibimiz qeyd edib ki, imtahan həyatın bir hissəsidir, amma həyatın özü deyil:
“İmtahanların yaxınlaşdığı dövrdə abituriyentlərin üzləşdiyi stress yalnız testlərlə bağlı deyil. Həm valideynlərin, həm də cəmiyyətin qoyduğu təzyiqlər bu stressi daha da artırır. Əslində, imtahan hər kəs üçün fərqli bir anlam daşıyır. Bəzi abituriyentlər imtahanı bir fürsət, bəziləri isə "son şans" kimi qəbul edir.
Təsəvvür edin ki, bir abituriyent gecə-gündüz çalışır, amma beynində belə düşüncələr dolaşır: "Əgər uğursuz olsam, valideynlərim nə deyər? Hamı məndən 600 bal gözləyir, amma mən qorxuram ki, bacarmaram. Filankəsin övladı keçən il yüksək bal yığdı, mən niyə ondan geri qalmalıyam? Birdən istədiyim universitetə daxil ola bilməsəm?".
Bu düşüncələr, əsasən də valideynlər və ətraf mühitin təsiri ilə daha da güclənir. Bəzən valideynlər uşaqlarının istəklərindən çox, cəmiyyətin gözləntilərini ön planda tutur. "Qonşunun uşağı 700 bal yığdı, sən də yığmalısan" və ya "Bizim ailədə hər kəs həkimdir, sən də mütləq həkim olmalısan" kimi ifadələr, uşağın daxili istəklərini görməzdən gəlir və böyük bir təzyiqə səbəb olur.
Digər tərəfdən, "El-oba nə deyər?" düşüncəsi bəzi ailələr üçün əsas motivasiya mənbəyi olur, amma bu yanaşma uşaqların özünəinamını azaldır və onları daha çox stressə salır. Həmçinin, valideynlər bəzən fərqinə varmadan övladlarını başqaları ilə müqayisə edirlər. Halbuki hər bir uşaq öz qabiliyyəti və potensialı ilə fərqlənir.
Bütün bunlar abituriyentlərdə özünüqiymətləndirmə problemlərinə və motivasiya azalmalarına səbəb olur"
Psixoloq stressin həll yolları ilə bağlı valideyinlərə və abituriyentlərə müraciət edib:
“Valideynlər uşaqlarının öz arzularını ifadə etməsinə icazə verməlidir. Bəlkə də onlar başqa bir peşəyə maraq göstərir və bu, onların xoşbəxtliyi üçün daha uyğundur. Nəticələrdən asılı olmayaraq, övladlarınıza inandığınızı hiss etdirin. "Sən bizim üçün hər zaman dəyərlisən" mesajını vermək onlara rahatlıq gətirəcək. Həmçinin, hər bir uşaq fərqli və özünəməxsusdur. Başqalarının uğurları ilə müqayisə etmək əvəzinə, övladınızın öz irəliləyişlərinə fokuslanın.
O cümlədən, abituriyentlər unutmamalıdır ki, heç kim mükəmməl deyil. Əsas odur ki, əlinizdən gələni edirsiniz. Özünüzə qarşı daha şəfqətli olun. Belə ki, nəfəs məşqləri, rahatlama texnikaları və testlərə planlı yanaşma beyninizi daha yaxşı idarə etməyə kömək edəcək. Və öz məqsədlərinizi xatırlayın. Niyə bu imtahanı verirsiniz? Hansı arzularınıza çatmaq istəyirsiniz? Bu suallar sizə güc verəcək”.
Psixoloq imtahan vaxtı yarana biləcək stressin həll yollarından danışdı:
“İlk olaraq imtahan öncəsi bir neçə dəfə dərindən nəfəs alıb vermək stressinizi azalda və sizi daha sakitləşdirə bilər. Məsələn, 4 saniyə nəfəs alın, 4 saniyə saxlayın, sonra 4 saniyə ərzində nəfəsi buraxın. Eyni zamanda əzələlərinizi gərib-boşaltmaqla həm bədən, həm də beyninizdəki gərginliyi azalda bilərsiniz. (Əlinizdə limon sıxdığınızı təsəvvür edin, əlinizi sıxıb buraxın; ağrı olsa belə, bunu etməyə çalışın). Daha sonra özünüzə "Mən hazıram və bunu bacaracağam" kimi müsbət mesajlar verin. İnanın, bu yanaşma çox işə yarayır. Gecələr yuxudan qalmamaq üçün çalışın. Beynin ən yaxşı işlədiyi vaxt yaxşı bir yuxudan sonra gəlir. Ən ideal yuxu saatı 22:00 - 04:00 arasıdır.
Qeyd etmək lazımdır ki, imtahan öncəsi enerji üçün şokolad, qoz, banan kimi beyin üçün faydalı qidalar yeyə bilərsiniz. Ancaq mədə problemlərindən qaçmaq üçün həddindən artıq yeməkdən uzaq durun. İmtahan anında isə sualları diqqətlə oxuyun və özünüzü tələsdirməyin. Əvvəlcə bildiyiniz sualları cavablandırıb, sonra çətinlərə qayıdın. Əgər panika hiss edirsinizsə, dayanıb dərindən nəfəs alın.
Unutmayın, imtahan həyatın bir hissəsidir, amma həyatın özü deyil. Siz özünüzü doğru hazırlandıqdan sonra nəticələriniz də müsbət olacaq. Əsas odur ki, stress sizi deyil, siz stressinizi idarə edəsiniz! Uğurlar!”.