Tacikistanın İnsan Hüquqları üzrə Müvəkkili Umed Bobozoda rusiyalı həmkarı Tatyana Moskalkovaya Rusiyada tacik miqrantların hüquqlarının pozulması ilə bağlı 10 dəfədən çox məktub göndərsə də, yalnız 2024-cü ilin oktyabrında göndərilən sonuncu məktuba cavab alıb.
Hafta.az-ın yazdığına görə, Tacikistan Ombudsmanı bu barədə bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib. “Onlarla kobud davranılır, döyülür və təhqir olunurlar”, - Ombudsman miqrantlara münasibətdən narahatlığını bildirib
“Tatyana Moskalkova tacik əmək miqrantlarının hüquqlarını qoruyacağına söz verib. Qeyd edib ki, bizim müraciətimiz digər məsələlərlə yanaşı, Rusiya Daxili İşlər Nazirliyi ilə də müzakirə olunub və onlar bu məsələni nəzarətə götürəcəklərini bildiriblər. Bununla belə, prosesin necə həyata keçiriləcəyi bəlli deyil”, - Tacikistanın Ombudsmanı qeyd edib.
Bobozoda vurğulayıb ki, Tacikistan tərəfinin çoxsaylı müraciətlərinə səbəb sosial şəbəkələrdə dərc olunan, miqrantların hüquqlarının pozulması hallarının qeydə alındığı videomateriallardır.
Ombudsman ötən ilin oktyabrında Moskalkovaya sorğu göndərərək, miqrantların sənədlərinin qanuniliyini yoxlayarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının qadağan olunmuş üsullardan istifadə etməsindən narahat olduğunu bildirib. Sorğuda saxlanılan Tacikistan vətəndaşlarının sərhədi keçərkən saxlanma şəraitinin qeyri-qənaətbəxş olması məsələsi də qaldırılıb.
“Tacikistan vətəndaşları çox vaxt sərhəddə bəzən bir neçə gün, adekvat qida və yaşayış şəraiti olmadan saxlanılır. Onların arasında dövlət qurumlarının əməkdaşları, tələbələr, qocalar, qadınlar və uşaqlar var”, - deyə Moskalkovaya göndərilən sorğuda qeyd olunub.
Bobozoda rusiyalı həmkarını bu hallara diqqət yetirməyə və tacik miqrantların hüquqlarına hörməti təşviq etməyə çağırıb.
Tacikistanın Ombudsmanı 2024-cü ildə Moskvaya səfərindən də danışıb. O, Krokusda terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan taciklərlə görüşmək istəsə də, icazə verilməyib.
Bobozodanın sözlərinə görə, o, Tatyana Moskalkova ilə telefonda vəziyyəti müzakirə edib. Rusiya Ombudsmanı isə etiraf edib ki, məhbusların döyüldükdən sonra televiziyada açıq nümayiş etdirilməsi normaların pozulmasıdır.
“Məhkəmə bitməmiş onları təqsirləndirilən şəxs kimi göstərmək, hətta hüquqlarını pozaraq döymək ədalətsizlikdir”, - deyə Bobozoda vurğulayıb və əlavə edib ki, bu yanaşma insan hüquqlarını kobud şəkildə pozur.
Moskalkova vəziyyətin diqqətlə nəzərdən keçirilməsini və qanun çərçivəsində fəaliyyət göstərməsini tələbi ilə razılaşıb. Tacikistan Ombudsmanı ümid etdiyini bildirib ki, Rusiya tərəfi tacik miqrantların hüquqlarının müdafiəsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlər görəcək.