Dünyanın ən dəyərli brendləri məlum oldu
2024-cü ildə olduğu kimi 2025-ci ildə də “Apple” dünyanın ən dəyərli brendi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan “Brand Finance” tərəfindən açıqlanan hesabatda yer alıb.
“Brand Finance”ın açıqladığı “Global-500-2025” adlı hesabata görə, “Apple” brendinin dəyəri 574,5 milyard dollara bərabərdir. Son bir ildə “Apple”ın dəyəri 11,2% artıb.
Bir il əvvəl olduğu kimi bu il də dünyanın ən dəyərli brendləri arasında 2-ci sırada “Microsoft” yer alıb. Bu brendin dəyəri 35,6% bahalanaraq 461 milyard dollara yüksəlib. Dünyanın ən dəyərli 500 brendinin sıralandığı siyahıda 3-cü sırada yenə də “Google” yer alıb. Bu brendin dəyəri isə son bir ildə 24% artaraq 413 milyard dollara yüksəlib.
Bunlardan başqa ilk beşliyə sıralamadakı mövqeyi dəyişməyən “Amazon” (356 milyard dollar) və 1 pillə irəliləyən “Walmart” (137 milyard dollar) brendləri daxil olub.
“Samsung" brendinin mövqeyi son bir ildə 1 pillə geriləyib və 110,6 milyard dollar ilə 6-cı sırada qərarlaşıb. 7-ci sırada olan “TikTok” brendinin dəyəri isə 84 milyarddan 105,8 milyard dollara qalxıb.
Bundan başqa “Facebook” brendinin dəyəri 91,4 milyard, “NVIDIA” brendinin dəyəri isə 87,9 milyard dollar olub.
Ümumiyyətlə “Global-500-2025” adlı hesabatda yer alan şirkətlərin ilk 10-luğunda 7 ABŞ şirkəti qərarlaşıb. 6-cı sırada Cənubi Koreyaya məxsus “Samsung” brendi, 7-ci və 10-cu sıraya isə Çinə məxsus “TikTok” ilə “State Grid Construction of China” brendləri daxil olub.
Dünyanın ən dəyərli 500 brendinin 52,9%-i ABŞ-yə, 15%-i Çinə, 5,8%-i Almaniyaya, 5,1-i Yaponiyaya, 4,4%-i Fransaya məxsus olub.
“Global-500”ə daxil olan şirkətlər arasında dəyəri ən ucuz olan Böyük Britaniyanın ESPN şirkəti olub.
Elnur Əli