Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin (SN) Analitik Ekspertiza Mərkəzi (AEM) “Laser Beauty Estetik Klinikası”na qarşı ötən həftə bir sıra iddialar səsləndirmişdi. Maraqlısı budur ki, cəmiyyət SN-in adı mətbuatda açıqlanan “həkim”lərlə bağlı tədbirlər görəcəyini düşünsə də, AEM nədənsə sözügedən klinikanı hədəfə almaqla hədəf dəyişdirdi.
Klinika da buna cavabsız qalmadı. Belə ki, adıçəkilən klinikanın baş həkimi Rəna Soltanova qurumun iddiasını rəd edərək tutarlı dəlillərlə öz mövqeyini açıqlayıb. O, klinikada keçirilən son yoxlamada irəli sürülən tələbləri sərt şəkildə tənqid edib.
R. Soltanova 8 ildir klinikalarının Analitik Ekspertiza Mərkəzi tərəfindən mütəmadi yoxlanıldığını və bu vaxta qədər heç bir ciddi problem yaşanmadığını qeyd edib. Lakin budəfəki yoxlama zamanı soyuducunun temperaturunun hər yarım saatda ölçülməsi kimi qeyri-adi bir tələb irəli sürüldüyünü bildirib. Soltanova, kosmetoloji prosedurlar həyata keçirdiklərini və soyuducularda yalnız buz saxladıqlarını vurğulayaraq, bu tələbin tamamilə yersiz olduğunu da qeyd edib.
“Biz burada kosmetoloji prosedurlar aparırıq, soyuducularda isə yalnız buz saxlayıb, prosedurdan sonra istifadə edirik. Niyə soyuducunun dərəcəsini ölçməliyik? Bu, sadəcə absurd bir tələbdir”, – deyə o, açıqlamasında bildirib.
Baş həkim klinikada qeydə alınan bəzi stomatoloji əşyalarla bağlı irəli sürülən şikayətləri də əsassız sayır.
“Bizdə heç bir cərrahi əməliyyat aparılmır. Sadəcə, stomatoloqun bir neçə əşyası buradadır. Mənim otağımda 500-ə yaxın kitab var. Mənim məqsədim kitab satmaq deyil, amma bu o demək deyil ki, otağım kitabxanadır”, – deyə Soltanova nümunə gətirib.
Yoxlama zamanı lazer epilyasiyası və SMM işçilərinin tibb bacısı olması barədə irəli sürülən tələbləri də sərt şəkildə tənqid edən baş həkim, bu cür tələblərin kosmetoloji sahə üçün uyğun olmadığını və çoxsaylı gözəllik salonlarının da bu cür yoxlamalara tabe tutulmaması məsələsini gündəmə gətirib.
“Gözəllik salonlarında da lazer epilyasiyası edilir, amma onların lisenziyası olmadığı üçün yoxlanmırlar. Bizim lisenziyamız var, amma bizə belə absurd tələblər irəli sürülür”, – deyə o, əlavə edib.
“Biz illərdir şəhid və qazı xanımlarına kurslar keçirir, onlara iş təmin edirik. Klinikamızda əlil işçimiz də var ki, onun üçün hər cür şərait yaradılıb. Məqsədimiz qadınlara kömək etməkdir”, – deyə baş həkim bildirib.
Bundan başqa, baş həkim, yoxlama zamanı emosional bir reaksiya verdiyini, amma heç kimə qarşı şiddət tətbiq etmədiyini qeyd edib:
“Mənim xasiyyətim belə deyil. Ağlaya-ağlaya danışdım, amma heç kəsə zor tətbiq etmədim”, – deyə o, bildirib.
Soltanova, klinikanın fəaliyyətində heç bir şikayət olmadığını və müştərilərin razı qaldığını, ancaq yoxlamaların daha obyektiv və ədalətli şəkildə aparılmasını istədiklərini də sözlərinə əlavə edib.
Məsimə Məmmədova