AZ

Narkotik ittihamı ilə saxlanılan aktyor azadlıqda –"Şəkillərimi hər yerdən qoparırlar"

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Gununsesi.info-ya açıqlamasında Həsənağa Məmmədov şərləndiyini deyib.

“Fərdi Ramazanov  dekabrın 21- də həbs olunub. Onun ifadəsinə görə məni ayın 27- də gəlib evdən aparıblar. Mən Kürdəxanıda 10 gün yatdım. Ondan sonra vəkillərim işi Apellyasiya Məhkəməsinə verdilər. Hakim məhkəmədə müstəntiqdən ” bu adamı niyə gətirmisiz bura” deyə soruşdu.  Onlar da deyib ki, haqqında ifadə verilib, ona görə gətirmişik. Soruşdular ki, əlinizdə nə sübut var? Dedilər ki, “heç nə, hər şeyi yoxlamışıq, təmizdir”. Bu söhbətdən sonra məni məhkəmədən azad etdilər. İstintaq müddəti Kürdəxanıda yox, polis nəzarəti altında evdən davam edəcək. Həftədə bir dəfə gedib bölmədə imza atıram. O da həll olacaq inşallah. Mənim narazılığım mətbuatla bağlıdır. Yazıblar ki, məşhur aktyor aeroportda narkotiklə yaxalandı. Bu xəbər başdan- başa yalandır. Nə narkotikə, nə də aeroportda tutulmağımla bağlı xəbərlərin mənə dəxli yoxdur. Mənim işimə xitam verildikdən sonra, bəraət aldıqdan sonra haqqımda yazılanlarla bağlı bütün saytları məhkəməyə vermək istəyirəm. Fərdi özü də sənət adamıdır. Dedi ki, bilet alıram, mənimlə gedək müqavilə bağlayacam. Mən də getdim, biz qayıdanda Türkiyədə sərhədi, gömrüyü, təhlükəsizlik zolağını keçdik. Onda narkotik olması barədə nəsə hiss etmədim. Ancaq Bakıda onu tutdular. Sonra mənə ailəsindən xəbər yollayıb ki, pul ver, adını ifadəmdə çəkməyim. Mən ona niyə pul verməliyəm ki? Mənim karyerama, reputasiyama nə qədər böyük bir zərbə vurub. Mən hazırda banklardan birinin   simasıyam. Bizdə reklamlar çəkilməli idi. Əvvəllər də  reklamlar çəkmişik. İndi isə bütün şəkillərimi hər yerdən qoparırlar. Yəni artıq adı ləkələnmiş bir adam heç kimə sima kimi də maraqlı deyil, lazım deyil. Mən bəraət alacağam. Bir insanın həyatını belə asanlıqla məhv etmək düzgün deyil. Mən bununla barışmayacağam”.

Seçilən
9
azpost.info

1Mənbələr