1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi "Baku Steel Company" QSC-nin (BSC) fəaliyyətinin əsas istiqamətlərindən biridir. Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən mükafata layiq görülüb.
ETSN-in 2024-cü ildə ekoloji məsələlərin həllinə öz töhfələrini verən təşkilatları mükafatlandırdığı tədbirdə BSC ""Yaşıl gələcək" platforması ilə keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş" nominasiyasının qalibi olub. Mükafatı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.
Qeyd edək ki, BSC 2024-cü ildə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirləri çərçivəsində, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində iki hektar ərazidə 1250 ədəd Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil olan Eldar şamı, eləcə də zeytun ağacı, Sumqayıt Kimya Sənaye Parkının ərazisində isə 500 ədəd şəmşir ağacı əkmişdi.
Şirkət əvvəlki illərdə də yaşıllıqların salınması ilə bərabər, digər ekoloji yönümlü layihələr həyata keçirib. Buna misal olaraq, 2024-cü ildə COP29 ərəfəsində BSC və "QGallery" bədii qalereyası birlikdə "Baku Steel Art 2024" adlı beynəlxalq metal simpoziumu təşkil etmişdi. Simpoziumun keçirilməsində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirmək idi. "Baku Steel Art 2024" simpoziumunun nəticəsi olaraq, 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) 12 rəssamın iştirakı ilə BSC-nin istehsal etdiyi məhsullarından və metal qırıntılarından hazırlanan incəsənət əsərlərinin sərgisi təşkil olunmuşdu.
BSC ekoloji məsuliyyət sahəsində həyata keçirdiyi layihələrlə yanaşı, bərpa olunan enerji təşəbbüslərinə də mühüm töhfə verir. Belə ki, COP29 çərçivəsində BSC və "Clean Energy Cəbrayıl" MMC günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalayıb. Anlaşmaya əsasən, Cəbrayılın Soltanlı kəndində hər biri 50 MVt olan Şəms və Üfüq günəş enerjisi stansiyaları tikiləcək. "Clean Energy Cəbrayıl" MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-nin istehsalat sahələrini bərpa olunan enerji ilə təchiz edəcək. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirməyə öz töhfəsini verəcək.
BSC, nəinki ekoloji məsələlərə həssaslıqla yanaşır, həmçinin istehsalat proseslərinin əksəriyyətini rəqəmsallaşdıraraq daha dayanıqlı, səmərəli və təhlükəsiz həllərlə Azərbaycan iqtisadiyyatında metallurgiya sənayesinin inkişafına dəstək olmağı hədəfləyir.