“Qarabağ”ın hücumçusu Musa Qurbanlının Futbolxeber.az saytına müsahibəsi
- “Turan Tovuz”la oyunda uzun müddət hesabda öndə olsanız da, sonda ardıcıl iki qol buraxmaqla meydanı xalsız tərk etdiniz. Məğlubiyyətə səbəb nə oldu?
- “Turan Tovuz” ağır komandadır. Xüsusilə də oyun tərzləri bizim üçün bir qədər narahatdır. Bu mövsüm onlara qalib gələ bilməmişik. Çox istəyirdik ki, bu dəfə onları məğlub edək. Təəssüf ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzduq. Yenə də standart vəziyyətdən qapımızda qol gördük. Məncə, ümumilikdə yaxşı oyun keçirdik. Sadəcə sondakı diqqətsizlik məğlubiyyətə gətirib çıxardı.
- Son dəqiqədə buraxılan qollar komandada psixoloji gərginlik yaratmayacaq?
- Yaxşı hal deyil, təbii ki. Lakin futbolda belə hallar olur. İlk dəfə deyil ki, başımıza belə hadisə gəlir. Çox olub belə hadisələr. Həmişə də bu cür vəziyyətlərdən çıxmağı bacarmışıq. İnanıram ki, komanda şəklində bu vəziyyətdən çıxacağıq.
- Standart vəziyyətlərdən buraxılan qolları nə ilə əlaqələndirmək olar?
- Biz dərk edirik ki, bu baxımdan çatışmazlığımız var. Ümumiyyətlə, bizdə bu problem həmişə olub. Məşqlərdə bunun üzərində işləyirik. Oyunların analizləri zamanı məşqçilərimiz da səhvlərimizi göstərirlər, izah edirlər. Bilmirəm şanssızlıq deyim, ya diqqətsizlik, lakin bu cür hal yanaşırsa, deməli, üzərində işləməliyik.
- Növbəti turda “Zirə” ilə matçda uğursuzluğa son qoymaq mümkün olacaq?
- Əlbəttə, çalışacağıq qələbə qazanaq. “Zirə” yaxşı komandadır. Çox güclü heyətləri var. Ağır oyun olacaq. Maksimum dərəcədə hazırlaşacağıq ki, 3 xal qazanaq.
- Son günlər əsas müzakirə mövzusu Premyer Liqamızda legioner limitinin ləğv olunub-olunmayacağıdır. Millinin aparıcı futbolçu kimi siz bu barədə hansı fikirdəsiniz?
- Mənim dediyim fikir bu qərara təsir göstərməyəcək. Lakin şəxsi fikrimi soruşursunuzsa, düşünmürəm ki, bu, Azərbaycan futbolu, millimiz üçün yaxşı qərardır. Onsuz da görürsünüz ki, futbolçu kasadlığı var ölkədə. İstənilən mövqedə futbolçumuz çatışmır. Ölkə xaricində də oyunçumuz çox azdır. Ümumiyyətlə, azərbaycanlı oyunçular üçün Avropada gedib möhkəmlənmək asan deyil. Çempionatımızın səviyyəsi elə də yüksək deyil ki, burdan gedib başqa yerdə rahat oynaya biləsən. Komanda sayı da azdır. Çempionatımızda 15-20 komanda olsa idi, deyərdik hə, limit ləğv olunsa da, klublarda yerli uşaqlar oynayacaq.
- Qeyd etdiniz ki, azərbaycanlı futbolçular Avropada möhkəmlənə bilmirlər. Siz özünüz də İsveçdə uzun müddət qalmadınız. Avropada məhkəmlənməyə nə mane olur?
- Mən İsveçədə çox gənc vaxtımda getdim. “Qarabağ”da təzə-təzə başlamışdım oynamağa. Bir uğurlu mövsüm keçirən kimi heç də zəif olmayan, Avropada seçilən çempionatlardan olan İsveç liqasına yollandım. Açıq deyim ki, Avropada möhkəmlənmək üçün təcrübə çatmır. Xaric yollanan futbolçuya vaxt lazım olur. O vaxtı isə sənə tanımırlar. Dərhal nəticə tələb olunur. Çempionatımızın səviyyəsi yüksək olsa, burada qazandığımız təcrübə bəs edər. Lakin təəssüf ki, elə deyil. Avropada oynamaq üçün yuxarı tempdə, yüksək sürətli, gərgin oyunlar çox oyun keçirməliyik.
İdman.biz