Tez-tez dərman preparatlarından zəhərlənmə halları ilə bağlı xəbərlər eşidirik. Təəssüf ki, bəzən bu zəhərlənmələr insan həyatını itirməsi ilə nəticələnir. Əslində, sağlamlığımızı bərpa etmək üçün istifadə etdiyimiz dərmanların özü təhlükə mənbəyinə çevrilib, desək, doğru olar. Bəs bunun səbəbi nədir? İdxal edilən dərmanların keyfiyyətinə nəzarət hansı səviyyədədir? Bazara daxil olan dərmanların sertifikatlaşdırılması və təsdiqlənməsi lazımi qaydada həyata keçirilirmi?
Mövzuyla bağlı Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycana idxal olunan bütün dərmanlar Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən nəzarət olur və nəzarətdən keçməyən dərmanların Azərbaycana gətirilməsi və satılması qadağandır:
“Aptekdən aldığımız dərmanın içliyi Azərbaycan dilində olmalıdır. Əgər məlumat Azərbaycan dilində deyilsə, bu o deməkdir ki, dərman nəzarətdən kənar gətirilib. Yəni, qaçaqmal yolu ilə gətirilmiş dərmanlardır. Nəzarətdən keçən dərmanların hamısının məlumatları Azərbaycan dilində olur. Dərmanlardan zəhərlənmələrin mövcudluğu ondan ibarətdir ki, bəzən Azərbaycan həkimləri resept yazanda, xəstəni qəbul edərkən çalışırlar ki, heç bir iz qoymasınlar. Məsələn, resepti rəsmi blankda yazmırlar, adi kağızda yazırlar. Hazırda səhiyyə naziri elektron resept tətbiq etməyə çalışır, amma hələ buna nail olunmayıb. Üstəlik, bir sıra dərmanlar reseptsiz buraxılır, hansı ki, bir çox ölkələrdə reseptlə satılır. İstehlakçılar aptekdə işləyənlərin sözünə baxıb dərman alırlar, yəni həkim təyinatı ilə almırlar. Bütün bunlar dərmanla zəhərlənmələrə gətirib çıxarır. Yeni dərmanları saxlamaq və qəbul etmək barədə istehlakçıların maarifləndirilməsi çox aşağı səviyyədədir. Azərbaycana bir çox ölkələrdən dərmanlar gətirilir və üç mindən çox dərmanın qiyməti dövlət tərəfindən tənzimlənir. Amma Azad İstehlakçılar Birliyi bəzi dərmanların qiyməti ilə qətiyyən razı deyil. Məsələn, Qalvus Met dərmanı Manilada 51 manatdır, Türkiyədə 15 manatdır, Azərbaycanda isə 75 manatdır. Bir neçə dərman var ki, əhalinin qiymətlərlə bağlı böyük narazılığı var. Dövlət bu məsələlərə həssas yanaşmalıdır və tənzimlənən dərmanların qiymətlərinin aşağı salınması vacibdir. Bir sözlə, problemlərdən biri dərmanın keyfiyyətsizliyi, dərmanın təsirsizliyidir. Bunun sübutu isə ölkədəki alman apteklərinin mövcudluğudur”.
E.Hüseynov qeyd edir ki, alman aptekləri haqqında danışarkən qeyd etmək lazımdır ki, burada satılan dərmanlar Azərbaycanda baha qiymətə satılır, çünki bu dərmanlar dövlətin tənzimləmə siyasətinə tabe olmur və əhalinin imkanlı hissəsi, daha yaxşı dərman axtarışında alman apteklərinə üz tutur:
“Bu, yerli istehsalın aşağı səviyyədə olması ilə də əlaqəlidir. Bir neçə il əvvəl Pirallahıda müasir dərman istehsalı üçün yüksək texnologiyalara sahib bir zavod açıldı. Lakin təəssüflər olsun ki, bu zavod öz potensialının çox az bir hissəsini istifadə edir və yalnız kiçik miqdarda dərman istehsal edir. Dövlətin bu zavodun tam gücü ilə işləməsi üçün iş aparması vacibdir. Zavoda böyük investisiyalar qoyulub, amma yerli dərman istehsalının yavaşlamasının səbəbi budur ki, dövlətin dərman siyasətini müəyyən edən şəxslər aktiv şəkildə dərman biznesi ilə məşğuldurlar. Bu insanlar əsasən Milli Məclisdə təmsil olunurlar və yerli dərman istehsalı siyasətini bloklayırlar. İnsanların yerli dərmanlara inamını artırmaq və bu dərmanların əlçatan olmasını təmin etmək çox vacibdir.
Bununla yanaşı, çox sayda ölkələrdə dərman distribyutorları dərmanların təsirini, yan təsirlərini tədqiq edərək, bu məlumatları müvafiq orqanlara təqdim edirlər. Azərbaycanda isə bu proses inkişaf etməyib. Azad İstehlakçılar Birliyi dərmanların yan təsirlərinin izlənməsi məsələsində maraqlıdır və bu məqsədlə bir baza yaradılmasının vacibliyini qeyd edir. Hər bir distribyutor öz dərmanlarının yan təsirlərini izləyib qeyd etməli, bu məlumatları istehsalçı şirkətə ötürməlidir. Lakin Azərbaycanda bu işlərin şəffaf şəkildə aparılmaması ciddi problemə çevrilib. Dərmanların yan təsirlərinin izlənməsi və ictimailəşdirilməsi üçün bir elektron baza yaradılmalıdır. Bunun şəffaflığı məsələsi isə Azərbaycanda çox aşağı səviyyədədir. Bu, böyük bir elektron biznes layihəsi ola bilər və bunun həyata keçirilməsi üçün həm dərman distribyutorları, həm də Səhiyyə Nazirliyi maraqlı olmalıdır. Lakin indiki halda şəffaflıq yoxdur”.
Mehin Mehmanqızı