AZ

“KazMunayGaz” “Kaşaqan”dan ilk neft partiyasını Bakıya göndərib

Qazaxıstanın "KazMunayGaz” (KMG) milli şirkətinin törəmə bölməsi olan "KMG Kaşaqan B.V" şirkəti “Kaşaqan”dan hasil edilən ilk neft partiyasını Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilmək üçün Bakıya göndərib.

Bu barədə “Report” KMG-nin məlumatına istinadən xəbər verir.

"Kaşaqan” neftinin yükləndiyi Qazaxıstana məxsus “Taraz” tankeri Aktau limanından Bakıya yola düşüb. İxracatçı "KMG Kaşaqan B.V" şirkətidir. Tədarük Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yerli karbohidrogenlərin alternativ ixrac istiqamətlərinin inkişafı ilə bağlı tapşırığının "KazMunayGaz" şirkətlər qrupu tərəfindən reallaşdırılması çərçivəsində həyata keçirilir", - məlumatda qeyd olunur.

Daha sonra neft BTC boru kəməri ilə Aralıq dənizinə qədər nəql ediləcək.

"Bu addım Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) gələcək inkişafına töhfə verir", - şirkət qeyd edir.

Xatırladaq ki, 2022-ci ildə KMG və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb. 2023-cü ilin martında “Kaşaqan” yatağından Azərbaycan ərazisi ilə 7 min ton neftin sınaq göndərişi həyata keçirilib. Yükgöndərən “Inpex North Caspian Sea Ltd” şirkəti olub.

2024-cü ilin martında KMG və SOCAR Azərbaycan ərazisindən neft tranzitinin həcminin mərhələli şəkildə artırılmasına dair saziş imzalayıb. Sənədə əsasən, təchizat həcminin ildə 2,2 milyon tona qədər artırılması planlaşdırılır.

KMG-nin törəmə təşkilatı olan "KMG Kaşaqan B.V." Şimali Xəzər üzrə Hasilatın pay bölgüsü haqqında sazişdə Qazaxıstanın iştirak payını idarə edir. Şirkət 16,88 % paya malikdir və Şimali Xəzər layihəsi çərçivəsində KMG-nin maraqlarını təmsil edir. Şirkət Xəzər dənizində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı ilə məşğul olur, eləcə də payına düşən məhsulun müstəqil şəkildə nəqlini və satışını həyata keçirir.

Seçilən
11
3
report.az

5Mənbələr