Əkrəm Həsənov: “İnsanların banka inamı lazımi səviyyədə deyil”
Mərkəzi Bankın rəhbərliyi bir neçə gün öncə media nümayəndələri ilə keçirdiyi görüşdə Azərbaycan banklarında unikal əmanətçilərin sayını açıqlayıb. Rəsmi məlumata görə, ölkəmizdə unikal əmanətçilərin sayı 41 faiz artaraq 150,5 min nəfərə çatıb.
Qeyd edək ki, burada unikal əmanətçi dedikdə banka müddətli pul yerləşdirən fiziki şəxslər nəzərdə tutulur. Xatırladaq ki, 2024-cü ilin dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında müddətli əmanətlərin həcmi 8,371 milyard manatdır.
Qeyd edək ki, “unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur.
Maraqlıdır, Azərbaycanda əhali sayı ilə müqayisədə əmanətçilərin sayını qənaətbəxş hesab etmək olarmı?
“Azərbaycan əhalisinin sayı 10 milyon yarıma çatır, ancaq əmanətçi sayı azdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar unikal əmanətçilərin sayı artır: “Azərbaycan əhalisinin sayı 10 milyon yarıma çatır, ancaq əmanətçi sayı azdır. Bununsa müəyyən səbəbləri var. İlk olaraq deyim ki, insanların çoxunun pul yığımı yoxdur. Yəni pulu qazanan kimi də xərcləyir. Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən, ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcəkləri vəziyyətdədirlər. Həmçinin, insanların banklara olan etibarı da azalıb. Bəzi vətəndaşların banklara etibarı olsa da, milli valyutaya inamı yoxdur, xarici valyutada isə faizlər aşağıdır. Bu kimi səbəblərə görə insanlar banka əmanət yerləşdirməkdən çəkinir və pulu evdə “balış altda” saxlamağa üstünlük verir. Banklara inamın olması üçün müəyyən işlər görülməlidir. Təəssüf ki, banklar bu sahə üzrə iş görmür. Bank hesablarından pulların itməsi kimi hallar insanların banka olan münasibətini dəyişir”.
Günel CƏLİLOVA