AZ

“Napoli” “Atalanta”dan, “Yuventus” isə “Milan”dan qisasını aldı - İCMAL

A seriyasında 21-ci turun oyunlarından sonra turnir cədvəlinin liderlər qrupunda vəziyyət dəyişmədi. Ən çox maraq doğuran oyunlar Berqamo və Turində baş tutdu. “Napoli” növbəti qələbəsini qazanmaqla liderliyini qorudu.

Antonio Kontenin komandası çox çətin səfərə çıxmışdı. Xatırladaq ki, “Napoli” ötən il noyabrın 3-də öz meydanında “Atalanta”ya 0:3 hesabıyla məğlub olmuşdu. Cənublular indi olduğu kimi, onda da turnir cədvəlinə başçılıq edirdilər. İki aydan sonra “Atalanta” liderdən 4 xal geri qalmaqla 3-cü yeri tuturdu. Can Pyero Qasperininin komandası ölkə çempionatında təxminən 4 ay müddətində məğlub olmasa da, son 3 matçda hesabına elə bu qədər xal yazmaqla bir qədər eniş yaşadığına işarə vurmuşdu. “Napoli” isə çempionluq uğrunda mübarizəni artıq PSJ-yə satılan Kvaratsxeliyasız davam etdirməyə məcburdu. Bunun üçün isə Berqamoda azı bir xal qazanmaq zəriri idi. Matçın əvvəli gərgin mübarizə ilə yadda qalsa da, qapılar qarşısında real qol vəziyyətinə təsadüf edilmirdi. Amma meydan sahiblərinin hücumçusu Retegi 16-cı dəqiqədə hesabı açmağa müvəffəq oldu. Qasperininin komandası bununla kifayətlənməyib hücumları davam etdirdi, amma növbəti qolu vura bilmədi. Əvəzində qonaqların yarımmüdafiəçisi Politano 27-ci dəqiqədə topu tirin altından tora qovuşdurmaqla hesaba tarazlıq gətirdi. Neapollular fasiləyə az qalmış Maktominey ilə önə keçməyi də bacardılar. Antonio Kontenin komandası 2-ci hissədə müdafiəyə daha çox diqqət yetirdi. Buna baxmayaraq, üstünlüyü ələ alan “Atalanta” Lukman ilə hesabı bərabərləşdirdi. Az sonra Meret Samarciçini təhlükəli zərbəsini qaytarmasaydı, nəticə ev sahiblərinin istədiyi kimi ola bilərdi. Qonaqların qapıçısı De Ketelarenin zərbəsinə də mane olandan sonra öz məqamını gözləyən Lukaku Zambo Angissanın ötürməsini tamalayaraq “Napoli”nin qisasını təmin etdi. Kontenin komandası ardıcıl 6-cı qələbə ilə liderliyini qorudu. Qələbəsiz oyunlar seriyası 4-ə çatan “Atalanta” isə 3-cü yerdə qaldı.

Liderin əsas izləyicisi olan “İnter” evdə “Empoli”dən gözlənilən 3 xalı ala bildi. Amma 3:1 hesablı qələbənin İtaliyanın son çempionuna asanlıqla başa gəldiyini demək olmaz. Qonaqlar ilk hissədə sıx müdafiə olunmaqla milanlıların işini çox çətinə sala bildi. Epizodlardan birində empolililəri real qoldan qapı dirəyi xilas etdi. Həmin vəziyyətə görə hamıdan çox təəssüflənən Martines fasilədən sonra istəyinə çatdı. Dünya çempionunun hesabı açması komandasının işinə çox yaradı. Meydan sahibləri 79-cu dəqiqədə Dyumfris ilə üstünlüyünü artırsa da, qonaq komanda 5 dəqiqə sonra fərqi minimuma endirdi. Lakin Markus Türam final fiti ərəfəsində “İnter”in 3-cü qolunu vuraraq rəqiblər arasında səviyyə fərqini göstərdi. Bir oyun az keçirən çempion əvvəlki kimi “Napoli”dən 3 xal geri qalır.

Turindəki matça da maraq böyük idi. Yerli “Yuventus” üçün “Milan”dan İtaliya Superkubokunun yanvarın 3-də keçirilən yarımfinalındakı məğlubiyyətin (1:2) əvəzini çıxmaq fürsəti yaranmışdı. Finalda “İnter”ə qalib gəlməklə (3:2) ölkə superkubokunu qazanan “Milan” çətin səfər oyununda müxtəlif səbəblərdən Pulişiç və Morata kimi aparıcı hücumameyilli futbolçularından yararlana bilmədi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda hesab açılmadı. Fasilədən sonra fəallaşan ev sahibləri Mbanqulanın zərbəsi ilə önə keçdilər. Bu qoldan özünə gəlməyə macal tapmayan milanlılar 5 dəqiqə sonra Veanın zərbəsi qarşısında aciz qaldılar. Bu mövsüm çempionatda məğlubiyyətsiz seriyası 21 oyuna (8 qələbə, 11 heç-heçə) çatan “Yuventus”un qisası baş tutdu. “Milan” isə Serjio Konseysaonun başçılığı altında ilk dəfə məğlub oldu.

21-ci tur
Atalanta - Napoli 2:3
Retegi, 16. Lukman, 55 – Politano, 27. Maktominey, 40. Lukaku, 78. (22874)
Atalanta: Karnesekki, Skalvini (Breşianini, 83), Hin, Cimşiti, Rucceri (Zappakosta, 68), Bellanova, Ederson, De Roon, Samarciç (Paşaliç, 68), Retegi (De Ketelare, 68), Lukman (Zanyolo, 77).
Napoli: Meret, Olivera, Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka, Zambo Angissa, Maktominey, Politano (Matsokki, 82), Neres (Spinatsola, 74), Lukaku (Simeone, 84).
İnter – Empoli 3:1
Lautaro Martines, 55. Dyumfris, 79. M.Türam, 89 – Espozito, 84. (61230)
İnter: Zommer, Dimarko, De Vrey, Pavar (Darmian, 85), Auqusto, Dyumfris, Barella (Bastoni, 78), Zyelinski (Mxitaryan, 69), Asllani, Lautaro Martines (Arnautoviç, 78), Taremi (M.Türam, 69).
Yuventus - Milan 2:0
Mbanqula, 54. Vea, 64. (40784)
Yuventus: Di Qreqorio, Kambyaso, Kalulu, Qatti, K.Türam (Facoli, 83), Lokatelli, Mbanqula (Aciç, 90), Makkenni, Koopmeyners (Duqlas Luis, 75), Yıldız (Vea, 46), Qonsales (D.Vlahoviç, 83).
Milan: Menyan, Ernandes, Qabbya, Tomori, Emerson (Kamarda, 74), Reynders (F.Terraçano, 80), Fofana, Bennaser (Ximenes, 63), Leao, Musa, Abraham (Yoviç, 80).
Bolonya - Montsa 3:1
Kastro, 22. Odqor, 34. Orsolini, 69 – Maldini, 4. (23381)
Bolonya: Ravalya, Miranda (Likoyannis, 66), Lukumi, Beukema, Poş (De Silvestri, 80), Fröyler, Ferqyuson, Dominges (Ndoy, 66), Odqor (Fabbian, 80), Orsolini, Kastro (Dallinqa, 46).
Fiorentina – Torino 1:1
Ken, 40 – Qineytis, 70. (19313)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Dodo, Komutso, Adli, Mandraqora (Sottil, 76), Folorunşo, Qudmundsson (Beltran, 76), Kolpani (Kuame, 90), Ken.
Roma – Cenoa 3:1
Dovbik, 25. Əl-Şaaravi, 60. Leali, 73-öz qapısına – Mazini, 33. (60000)
Roma: Svilar, Ndika, Hummels (Çelik, 76), Mançini, Anxelinyo, Kone, Paredes, Salemakers (Pizilli, 76), Lorentso Pelleqrini (Əl-Şaaravi, 46), Dibala (Sule, 85), Dovbik (Şomurodov, 85).
Verona - Latsio 0:3
Jiqo, 2. Dia, 21. Zakkanyi, 58. (37000)
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 73), Xila, Jiqo (Romanyoli, 67), Hüsay, Rovella (Kastrovilli, 84), Genduzi, Zakkanyi (Dele-Başiru, 67), Dia, İsaksen (Pedro, 67), Kastelyanos.
Parma – Venetsiya 1:1
Ernani, 56-p. – Pohyanpalo, 20-p. (15865)
Kalyari – Leççe 4:1
Qaetano, 60. Luperto, 65. Zortea, 80. Obert, 83 – Pyerotti, 42. (16306)
Komo - Udineze 4:1
Diao, 5. Strefetsa, 44. Biyol, 78-öz qapısına. Pas, 90+1 – Payero, 50.

1. Napoli 21 16 2 3 35-14 50
2. İnter 20 14 5 1 51-18 47
3. Atalanta 21 13 4 4 46-24 43
4. Latsio 21 12 3 6 37-28 39
5. Yuventus 21 8 13 0 34-17 37
6. Bolonya 20 8 9 3 32-26 33
7. Fiorentina 20 9 6 5 33-21 33
8. Milan 20 8 7 5 29-21 31
9. Roma 21 7 6 8 31-27 27
10. Udineze 21 7 5 9 24-32 26
11. Torino 21 5 8 8 21-26 23
12. Cenoa 21 5 8 8 18-30 23
13. Komo 21 5 7 9 26-34 22
14. Kalyari 21 5 6 10 23-34 21
15. Empoli 21 4 8 9 20-28 20
16. Parma 21 4 8 9 26-36 20
17. Leççe 21 5 5 11 15-36 20
18. Verona 21 6 1 14 24-47 19
19. Venetsiya 21 3 6 12 19-34 15
20. Montsa 21 2 7 12 20-31 13

Bombardirlər: Retegi (Atalanta) - 14, M.Türam (İnter) - 13, Ken (Fiorentina) - 12, Lukman (Atalanta) - 10.
Növbəti turun oyunları yanvarın 24-27-si aralığında keçiriləcək: Torino - Kalyari, Komo – Atalanta, Napoli - Yuventus, Empoli – Bolonya, Milan – Parma, Udineze – Roma, Leççe – İnter, Latsio – Fiorentina, Venetsiya - Verona, Cenoa – Montsa.

Turun rəqəmi
15 – nəhayət, uzun müddətdən sonra “Atalanta”ya qalib gələn tapıldı. “Napoli”dən xal ala bilməyən (2:3) berqamoluların çempionatdakı 15 oyunluq (11 qələbə, 4 heç-heçə) məğlubiyyətsiz seriyası qırıldı. Maraqlıdı ki, “Atalanta” A seriyasında sonuncu dəfə ötən il sentyabrın 24-də evdə “Komo”ya da 2:3 hesabıyla uduzmuşdu.

Turun ulduzu

Andre-Frank Zambo Angissa (Napoli ) - “Atalanta”nın hücumçusu Retegi “Napoli”yə qarşı oyunu yüksək səviyyədə keçirdi. Amma Berqamodakı matçın nəticəsini böyük ölçüdə kamerunlu yarımmüdafiəçi müəyyən etdi. Məhz Zambo Angissanın Maktominey ilə Lukakuya ötürmələri neapolluların vacib qələbəsində mühüm rol oynadı.

Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:
“Sözsüz, nəticədən razıyıq. Çox çətin səfər oyununda qalib gəlməyi bacardıq. İki ay əvvəl “Atalanta” Neapolda bizə üç cavabsız qol vurmuşdu. Futbolçularımdan şücaət göstərməyi xahiş etmişdim. Bu gün qapısından ilk topu buraxan komanda olsaq da, matçboyu gözlərimizdə qətiyyət alovu göründü. “Atalanta” böyük potensiala malikdi, biz çox güclü rəqibə qalib gəldik. Mərdlik nümayiş etdirməsəydik, bu nəticəyə nail ola bilməzdik”.
Seçilən
10
football-plus.az

1Mənbələr