AZ

Ərdəbilin mollası Ameli hələ də vəzifədən qovulmayıb...

Image

Azərbaycan İranla münasibətlərinin normal məcrada inkişafında maraqlı olsa da, qarşı tərəf analoji istək nümayiş etdirmir. Bunu iran hakimiyyətinə bağlı media vasitələrinin antiazərbaycan mövqeyindən də sezmək mümkündür. Elə bu fonda İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyi bildirir ki, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib: “Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub”. Bundan əvvəl, bəzi yerli media orqanlarının məlumatına görə, Azərbaycanda təhsil alan bir neçə iranlı tələbə əxlaqa zidd davranışlarla bağlı ölkədən deport olunub. Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları  bəlli olub. Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.  Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib. Qeyd edək ki, yanvarın 1-də də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib: “Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib”. İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmasına münasibət bildirib. Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir: “İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir”. Amma qeyd edilməlidir ki, Seyid Həsən Ameli İranın ali dini lideri Ayətullah Xameneyi tərəfindən Ərdəbilə nümayəndə təyin edilib. Deməli, onun dedikləri həm də İranın rəsmi mövqeyidir. Xatırladaq ki, bu günlərdə prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələyə toxunub: “O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”. Dövlət başçısı deyib ki, baş verənlərlə bağlı İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil: “Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar. Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”. Bu arada onu da qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki il ötür. Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.  Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. Lakin hökm hələ də icra edilməyib.

Tahir TAĞIYEV





Seçilən
39
baki-xeber.com

1Mənbələr