Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bahalı mobil telefona və bahalı nömrəyə böyük məbləğdə pul verən, bunu prestij hesab edən insanlar var və onların sayı az deyil.
Satışa çıxarılan mobil nömrələrin ilkin qiyməti 800 manatdan başlayaraq 75 min manatadək, 10%-i həcmində hesablanmış behin məbləği isə 80 manatdan 7 500 manatadək dəyişir. Maraqlıdır, mobil telefon nömrələrinin belə bahalı olmasının səbəbi nədir və bu qiymətə nömrə almağa vadar edən səbəb nədir?
Natiq Cəfərli: “Azərbaycanda mobil operatorlar özəl şirkətlərdir, yüksək tələbat olan nömrələri neçəyə satmaq məsələsində sərbəstdirlər”
İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insanların bahalı mobil telefona və mobil nömrəyə maraq göstərməsi onların bunu uğur göstəricisi hesab etmələrindən irəli gəlir: "Azərbaycanda insanların prestij anlayışı Avropa və digər ölkələrə baxanda fərqlidir. Bizimkilər bu prestijə nümayiş baxımından üstünlük verirlər, yəni bahalı mobil telefon və yaxud nömrəni göstərməklə bunun insana xüsusi status gətirdiyini düşünürlər. Halbuki, insanın statusunu müəyyən edən amillər onun təhsili, işi-gücü və qazandığı uğurlar olmalıdır. Etiraf edək ki, uğurlu təhsil və karyera quruculuğu məsələsində problemlər olduğu üçün insanlar prestiji başqa məsələlərdə axtarmağa başlayırlar. Burada həm də məsələnin psixoloji tərəfi var. İnsanlar qonşusuna, qohumuna göstərmək istəyir ki, uğur qazanmışam. Bu uğurun göstəricisi isə bahalı mobil telefon və nömrə olur".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda mobil operatorlar özəl şirkətlərdir, yüksək tələbat olan nömrələri neçəyə satmaq məsələsində sərbəstdirlər və bunun dövlət büdcəsi ilə əlaqəsi yoxdur.
Könül İsmayılova: “Bəzi insanlar bahalı telefon nömrələrilə, sanki yüksək təbəqənin üzvü kimi qəbul edilmək istəyir”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzi insanlar maşın, telefon nömrələri ilə sanki yüksək təbəqənin üzvü kimi qəbul edilmək istəyir: “Bu, insanların maddi cəhətdən özlərini nümayiş etdirməsidir. İnsan psixologiyası elədir ki, o, həmişə hər şeydə, hər yerdə özünü təsdiq etməyə çalışır. Bu, beşikdən insanın mənəvi tələbatıdır. Ola bilər ki, mühit insanın özünü mənəvi dəyərlərlə təsdiq etməsinə şərait yaratsın, onda insan başqalarına da kömək edir. O zaman ki insan başlayır özünü maddi dəyərlərlə təsdiqləməyə, onda ətrafındakılara da ziyan dəyir. Ona görə də bu məsələyə çox ciddi diqqət etmək lazımdır”.
Günel CƏLİLOVA