"Samsung" şirkəti qan şəkərinin qeyri-invaziv və davamlı monitorinqi (QDM) üçün inqilabi sistem hazırlayıb. Bu, uzun müddətdir geyilə bilən elektronika sahəsində "müqəddəs qədəh" hesab edilən bir nailiyyət kimi dəyərləndirilir və dünyada şəkərli diabet problemi üzərində böyük təsir göstərə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Texnologiyanın dəqiq buraxılış tarixi açıqlanmasa da, şirkətin rəqəmsal sağlamlıq bölməsinin rəhbəri, doktor Hon Pakın bəyanatları sistemin yüksək hazırlıq səviyyəsində olduğunu göstərir. Doktor Pak bildirib ki, "Samsung" diabetin erkən əlamətlərini proqnozlaşdıran alqoritm, həmçinin qlükozanın qeyri-invaziv monitorinqi və QDM vasitəsilə qidalanma üzrə tövsiyələrin inteqrasiyası üzərində fəal işləyir.
Mövcud QDM sistemlərindən, məsələn, "Lingo" və "Dexcom" cihazlarından fərqli olaraq, "Samsung"un yeni texnologiyası optik metoddan istifadə edir. Bu, proseduru daha rahat və daha geniş istifadəçi kütləsi üçün əlçatan edir.
Doktor Pakın sözlərinə görə, bu yeni QDM sistemi geyilə bilən elektronika bazarında "oyun dəyişdirici" ola bilər. O, texnologiyanın hazırlanmasının tezliklə tamamlanacağına əminliyini ifadə edib.
Bəzi ekspertlər düşünürlər ki, bu yeni texnologiya artıq bu il təqdim oluna bilər və ehtimal ki, "Galaxy Watch 8" (2025-ci ilin avqustunda) ilə birgə debüt edəcək. Bununla belə, sistemin təqdimatının "Galaxy Watch 9" modelinə qədər təxirə salınma ehtimalı da istisna edilmir.
Paşa Məmmədli