AZ

Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımır

Macarıstan Aİ ölkələrinin Belarusdakı seçkini tanımamaqla bağlı birgə bəyanatını imzalamayıb

Avropa İttifaqı dövlətləri yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımır.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və Almaniyanın xarici işlər naziri Annalena Baerbok müvafiq bəyanatlarla çıxış ediblər.

"Belarusda keçirilən saxta seçkilər nə azad, nə də ədalətli olub”, – Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos birgə bəyanatda bildiriblər.

"Belarusda insan hüquqlarının misli görünməmiş və davamlı şəkildə boğulması, siyasi iştirakın və müstəqil mediaya çıxışın məhdudlaşdırılması seçki prosesini istənilən legitimlikdən məhrum edib”, – Kallas və Kos birgə bəyanatda bildirib.

Onlar Belarus rejimini Avropa İttifaqı nümayəndə heyətinin üzvü də daxil olmaqla, mindən çox özbaşına həbs olunan bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

Kallas və Kos bildiriblər ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçilərinin seçkilərə cəmi 10 gün qalmış dəvət edilməsi qərarı müstəqil qurumun seçki prosesinin əsas mərhələlərinə çıxışına imkan verməyib.

"Bu səbəblərə görə, həmçinin Belarus rejiminin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində iştirakı və onun qonşularına qarşı hibrid hücumları səbəbindən Aİ Belarus hökumətinə qarşı məhdudlaşdırıcı və məqsədyönlü tədbirlər görməyə davam edəcək”, – Avropa İttifaqının rəsmiləri bildiriblər.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok yanvarın 26-da bildirib ki, Belarus seçicilərinin hakim avtokrat Aleksandr Lukaşenkonun qalib gələcəyi gözlənilən prezident seçkilərində seçimi olmayıb.

"Belarus xalqının seçimi yox idi. Azadlığa, demokratiyaya can atanların hamısı üçün acı gündür. Azad və ədalətli seçkilər, qorxusuz, özbaşınalıqdan uzaq bir həyat əvəzinə hər gün zülm, repressiya və insan haqlarının pozulması ilə üzləşirlər. Bütün siyasi məhbuslar azad edilməli və amansız repressiyalara son qoyulmalıdır. Avropa ailəsi demokratik və azad Belarus üçün qapılarını açıq saxlayır”, – Almaniyanın xarici işlər naziri "X” hesabında yazıb.

"Azadlıq” radiosu Brüsseldəki mənbələrə istinadən yazıb ki,  Macarıstan Avropa İttifaqı ölkələrinin Belarusdakı prezident seçkisini tanımamaqla bağlı birgə bəyanatı ilə razılaşmayıb.

Aİ Belarusdakı seçkiləri tanımamaq barədə birgə bəyanat yaymağı planlaşdırırdı.

Həmin seçkilərdə Lukaşenkonun 87%-ə yaxın səs qazandığı elan edilib. Mətndə Belarusda görünməmiş repressiyalar və medianın fəaliyyətinin məhdudlaşdırılması şəraitində keçirilən prezident seçkilərinin azad, ədalətli və legitim hesab oluna bilməyəcəyi qeyd olunurdu.

"Azadlıq” radiosunun Belarus xidməti əvvəlcə bəyanat layihəsini Macarıstan və Slovakiyanın dəstəkləmədiyini bildirmişdi.

Nəticədə Bratislava bəyanatı dəstəkləyib, lakin Macarıstan 27 Aİ üzv ölkəsindən yeganə ölkə olaraq onu imzalamaqdan imtina edib.  

Kaya Kallas və Marta Kos öz bəyanatlarını yayımlamağa məcbur olublar.

Lukaşenko isə Qərbin prezident seçkilərini tanıyıb-tanımamasına önəm vermədiyini açıqlayıb.

2025-ci il yanvarın 26-da Belarusda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri İqor Karpenko keçirdiyi mətbuat konfransında seçicilərin 86,82%-nin yeddinci müddətə yenidən seçilən 70 yaşlı Aleksandr Lukaşenkoya səs verdiyini açıqlayıb. Rəsmi məlumata görə, Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç 2,02%, Respublika Əmək və Ədalət Partiyasının sədri Oleksandr Xijnyak isə 1,74% səs toplayıb. Belarus Kommunist Partiyasının rəhbəri Sergey Syrankov 3,21%, fərdi sahibkar Anna Kanopatskaya isə 1,86% səs toplayıb.

Seçiciləri seçki məntəqələrində olan polislər izləyib. Səsvermə kabinələri açıq olub. Bülletenlərin şəklini çəkmək qadağan edilib, buna görə də cərimə nəzərdə tutulub.

2020-ci ildəki etirazlar zamanı Lukaşenko altıncı müddətinin sonuncu olacağını vəd etmişdi.

Vaşinqtonda yerləşən "Freedom House” hüquq-müdafiə təşkilatı son hesabatında Belarusu seçkilərin açıq şəkildə saxtalaşdırıldığı və vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı avtoritar dövlət kimi xarakterizə edib.

Seçilən
24
22
arqument.az

10Mənbələr