AZ

Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərini legitim hesab etmir

Avropa İttifaqı Belarusda keçirilən son prezident seçkilərini azad və demokratik hesab etmir və buna görə də Minskə qarşı sanksiyaları davam etdirmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun birgə bəyanatında deyilir. “Belarusda bugünkü saxta seçkilər nə azad, nə də ədalətli idi. Belarus xalqı ölkəni kimin idarə edəcəyi ilə bağlı real səsə layiqdir”, – bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə cəmi on gün qalmış Belarusa dəvət olunub. Bəyanatda deyilir ki, bu, müstəqil qurumun seçki prosesinin əsas mərhələlərinə çıxış əldə etməsinə mane olub.
Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko Aİ-nin son seçkilərin qondarma xarakteri ilə bağlı bəyanatını şərh etmək xahişinə cavab olaraq Aİ diplomatiyasının rəhbərini qeyri-legitim hesab etməyi təklif edib.

Qeyd edək ki, Belarusda prezident seçkilərində səsvermə dünən, yanvarın 26-da axşam başa çatıb. 11 948 nəfərin iştirak etdiyi exit-poll Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonun qalib gəldiyini göstərib. Sorğuda iştirak edən vətəndaşların 87,6 faizi ona səs verib. Yanvarda Avropa Parlamenti Aİ ölkələrini Belarusdakı seçkilərin nəticələrini tanımamağa çağıran qətnamə qəbul edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
22
editor.az

10Mənbələr