AZ

Daşınmaz əmlak, avtomobillər, xeyriyyəçilik... - 160 milyard dollar hara gedir? - SƏHƏR OXUSU

Bill Qeytsin sərvəti Bloomberg Milyarderlər İndeksinə görə 160 milyard dollar təşkil edir. Bu onu, "yüz milyard dollarlıq klub"a daxil olan azsaylı şəxslərdən birinə çevirir.

Valyuta.az "Business Insider"ə istinadən xəbər verir ki, bu qədər böyük sərvətə malik olan Qeytsin bəzi lüks xərcləri də var: Vaşinqtonda malikanəsi, özəl təyyarəsi və bahalı avtomobil kolleksiyası. Ancaq bu xərclər onun ümumi sərvətinin yalnız kiçik bir hissəsini təşkil edir.

Eyni zamanda Qeyts Bill və Melinda Qeyts Fondu vasitəsilə böyük məbləğlərdə xeyriyyə ianələri edib və sərvətinin əksər hissəsini bağışlayacağını vəd edib. 2010-cu ildə keçmiş həyat yoldaşı Melinda Frenx Qeyts və Uorren Baffett ilə birlikdə "Giving Pledge" adlı təşəbbüsü başlatmışdı.

Bill Qeytsin sərvəti və yatırımları

Qeyts 2018-ci ilə qədər "dünyanın ən varlı insanı" titulu daşıyırdı. Lakin həmin il Ceff Bezos onu keçib. Hazırda Qeyts dünyanın ən varlı yeddinci insanıdır və "100 milyard dollardan çox sərvəti olan şəxslər" klubunun üzvüdür.

Qeyts illər ərzində müxtəlif səhmlərə və aktivlərə yatırım edib. O, 20 digər sərmayəçi ilə birlikdə "Breakthrough Energy" adlı 1 milyard dollarlıq bir investisiya fondu qurub.

Lüks həyat tərzi: Avtomobil kolleksiyası və özəl təyyarələr

Qeyts "Microsoft"u qurduqdan sonra ilk böyük alış-verişini bir "Porsche 911" alaraq etmişdi. Daha sonra bu avtomobili hərraca çıxarıb və maşın 80 min dollara satılıb.

Avtomobil kolleksiyasında bir "Porsche 959 "da var. Bundan əlavə, Qeytsin bir neçə özəl təyyarədən ibarət kiçik bir donanması mövcuddur.

Xanadu 2.0: Vaşinqtondakı malikanəsi

Qeytsin Vaşinqtonun Medina bölgəsində, 10,5 hektarlıq əraziyə yayılmış Xanadu 2.0 adlanan malikanəsi var. Bu ərazidə ən azı 12 torpaq sahəsi mövcuddur və Qeyts onları 1988-2009-cu illər arasında 34 milyon dollara alıb.

Malikanə tam bir kompleksdir:

* 60 metrlik hovuz (sualtı səs sistemi ilə təchiz olunub);
* 2100 kvadrat metrlik kitabxana (Leonardo da Vinçinin 16-cı əsrə aid əlyazması burada saxlanılır və o, bu əlyazmanı 30 milyon dollara alıb);
* 6 mətbəx, 24 vanna otağı və 23 avtomobil üçün qarajlar.

Başqa əmlaklar: Florida, Montana və Kaliforniya

* Florida: Qeyts qızı Cennifer Qeytsin binicilik sevgisini dəstəkləmək üçün burada 8 hektarlıq əraziyə malikdir. Bu mülkləri təxminən 35 milyon dollara alıb.

* Montana: Yellowstone Club-da 650 kvadrat metrlik bir malikanəyə sahibdir.

Kaliforniya: Rancho Paseana adlı 92 hektarlıq əraziyə 18 milyon dollar xərcləyib. Del Mar bölgəsində isə okean mənzərəli bir evi 43 milyon dollara alıb.

Bunlardan başqa, Qeyts ABŞ-ın ən böyük şəxsi kənd təsərrüfatı torpaq sahiblərindən biridir. O, 111 min hektardan çox əraziyə sahibdir.

Xeyriyyəçilik və "Giving Pledge" təşəbbüsü

Qeytsin xeyriyyə işləri onun həyatının mərkəzindədir. O və keçmiş həyat yoldaşı sıtma ilə mübarizə üçün 2 milyard dollar, Ebola üçün 50 milyon dollar, uşaq iflicinə qarşı peyvənd üçün isə 38 milyon dollar bağışlayıblar.

Pandemiya dövründə onların fondu "Gavi" "The Vaccine Alliance" təşkilatına 5 il ərzində 1,6 milyard dollar bağışlamağı öhdəsinə götürüb.

Bill və Melinda Qeyts Fondu təhsilə də ciddi dəstək verir. 1,6 milyard dollarlıq Gates Millennium Scholars Program vasitəsilə tələbələrə təqaüdlər təqdim edir.

2023-cü ilin sonuna qədər fond 77,6 milyard dollar ianə edib. Qeyts isə şəxsi olaraq fonda 59,5 milyard dollar bağışlayıb.

2026-cı ilə qədər fondun illik büdcəsi 9 milyard dollara çatdırılması planlaşdırılır.

Gələcəyə baxış: Bütün sərvətini bağışlamaq niyyəti

Qeyts 2010-cu ildə başladığı "Giving Pledge" təşəbbüsü çərçivəsində sərvətinin böyük bir hissəsini bağışlamağı vəd edib. 2022-ci ildə etdiyi açıqlamada, demək olar ki, bütün sərvətini öz fonduna bağışlamağı planlaşdırdığını bildirib. Hətta bir gün dünyanın ən zəngin insanları siyahısından tamamilə düşəcəyini qeyd edib.

Bill Qeytsin sərvəti yalnız zənginlik deyil, həm də innovasiya, xeyriyyəçilik və insanlığa verdiyi töhfələrlə yadda qalır.

Paşa Məmmədli

Seçilən
26
valyuta.az

1Mənbələr