Özbəkistan Prezidenti yanında Statistika Agentliyinin dünənki hesabatına əsasən, 1 yanvar 2025-ci il tarixinə ölkə əhalisinin sayı 37 milyon 543 min 200 nəfərə çatıb.
Hafta.az-ın yazdığına görə, hesabatda qeyd olunub ki, Özbəkistanın ümumi əhalisinin 18,9 milyon nəfəri kişilərdən, 18,6 milyonunun isə qadınlardan ibarətdir. Ümumi əhalinin 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir.
Digər tərəfdən, hesabatda əhalinin 51 faizi və ya 19,1 milyon nəfərinin şəhərlərdə, qalan 49 faizinin, yəni 18,4 milyon nəfərinin isə kəndlərdə yaşadığı bildirilib. Özbəkistanda hər kvadratkilometr əraziyə 83,6 nəfərin düşdüyü qeyd olunub. Bu rəqəm əvvəlki illə müqayisədə 1,6 nəfər artıb.
Daşkənd, Əndican və Fərqanə vilayətləri Özbəkistanda əhalinin ən sıx məskunlaşdığı rayonlar kimi seçilir. Əksinə, əhalinin sıxlığının ən aşağı olduğu bölgələrə Nəvai və Qaraqalpaqstan daxildir.