Bakı, TurkicWorld
Qazaxıstanın Xəzər dənizi yaxınlığındakı Atyrau vilayətində aparılan arxeoloji qazıntılar zamanı Sarmatlar dövrünə aid qəbirlərdən qədim dövrlərə məxsus əsərlər üzə çıxarılıb.
TurkicWorld xəbər verir ki, Atyrau Valiliyindən verilən məlumata görə, son iki ildə bölgədə yerləşən “Karabau-2” kurqanında genişmiqyaslı qazıntılar aparılıb
Qazıntılar nəticəsində M.Ö. VI əsrdən M.S. IV əsrə qədər olan dövrə aid 9 məzardan 7-də Sarmatlara məxsus zərgərlik məmulatları, silahlar, saxsı qablar və insan qalıqları tapılıb.
Üzə çıxarılan əsərlər ilk dəfə Atyrau Bölgə Tarix Muzeyində təşkil edilən sərgidə nümayiş etdirilib. Xüsusi marağa səbəb olan əsərlərdən biri, hər iki tərəfində qartal təsviri olan və təxminən 370 qram ağırlığında qızıl bilərzik olub.
Qazaxıstanlı arxeoloq Marat Kasenovun sözlərinə görə, Atyrau bölgəsi tarixdə Sarmat İmperiyasının hökm sürdüyü ərazi kimi tanınıb və bu, aparılan arxeoloji qazıntılarla bir daha təsdiq edilib.
“Tapılmış antik əsərlərin ümumi sayı təxminən 1000-dir, onlardan 100-ü qızıl zərgərlik nümunələridir. Bu əşyalarda əsasən bölgədə yaşamış yırtıcı heyvanların, məsələn, bəbir, vəhşi qaban və pələngin təsvirlərinə rast gəlinir”. - deyə Kasenov əlavə edib.