25 yanvar tarixindən etibarən “Biznes akademiyası” layihəsi çərçivəsində uşaqlar və gənclər üçün biznes təlimlərinə start verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, təlimlər hər həftənin şənbə günü “Bakı KOB evi”nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzində keçirilir.
Aprelin 12-dək davam edəcək təlimlər nəzəri və praktik hissələrdən ibarətdir. Təlimlərdə peşəkar mütəxəssislər tərəfindən uşaqlara biznesə dair əsas anlayışlar barədə məlumat verilir, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdirilir, komanda şəklində startap layihələri üzərində işləyirlər. 2 aylıq proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.
Qeyd edək ki, “Biznes akademiyası” layihəsi KOBİA və “Miniboss” biznes məktəbi tərəfindən 10 yaşından yuxarı uşaqlar və gənclər üçün nəzərdə tutulub. Məqsəd uşaqlar və gənclər arasında liderlik bacarıqlarını formalaşdırmaq, biznes düşüncəsini inkişaf etdirməkdir.