AZ

Peşə təhsili ixtisaslarının yenilənməsi üzrə görüş keçirilib

Peşə təhsili sistemi əmək bazarının dəyişən tələblərinə uyğunlaşmaq və rəqabətqabiliyyətli karyera imkanları yaratmaq məqsədilə inkişaf edir. Rəqəmsallaşma, yaşıl iqtisadiyyata keçid və texnoloji yeniliklər peşə bacarıqlarına tələbi artıraraq mövcud ixtisasların yenilənməsini və yeni ixtisasların yaradılmasını zəruri edir.

TƏHSİL.BİZ  xəbər verir ki, bu istiqamətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar təşkil edib.

Ötən ilin dekabr ayında keçirilən “Mədəniyyət və incəsənət”, “İqtisadiyyat və idarəetmə”, “İnformasiya və kommunikasiya texnologiyaları” ixtisas qrupları da daxil olmaqla 6 ixtisas qrupu üzrə “dəyirmi masa”ların təşkili yekunlaşıb. 2025-ci il yanvarın 16-da 30-a yaxın sahə mütəxəssisinin iştirakı ilə “Səhiyyə, rifah və xidmət” ixtisasları qrupu, yanvarın 21-də 22 işəgötürən müəssisədən 45 nəfərin iştirakı ilə “Sənaye, istehsal və tikinti” ixtisasları qrupu, yanvarın 23-də isə 30 işəgötürənin iştirakı ilə “Kənd təsərrüfatı” ixtisasları qrupu çərçivəsində uyğun müzakirələr aparılıb. İştirakçılar mövcud ixtisasların yenilənməsi, əmək bazarına uyğun yeni ixtisasların yaradılması və məzmunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr irəli sürüblər. Bu tövsiyələr təsnifatın yenilənməsi prosesində əsas istinad mənbəyi kimi istifadə olunacaq.

Peşə təhsili üzrə bu yeniliklər əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması və iqtisadi inkişafa dəstək verməyi hədəfləyir.

Seçilən
9
tehsil.biz

1Mənbələr